SOCAR Türkiyə şirkətinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib. SİA-nın qardaş ölkəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər çərçivəsində media nümayəndələri İstanbulda SOCAR Türkiyə şirkətinin baş icraçı direktoru Kənan Yuvuzla görüşüblər. "Polat Renaissance" otelində baş tutan görüşdə ilk öncə şirkət haqqında videoçarx nümayiş olunub. Azərbaycanlı jurnalistləri salamlayan K. Yavuz SOCAR-ın Türkiyədəki fəaliyyətindən danışıb: "SOCAR 2008-ci ildə Petkim şirkətinin özəlləşdirilməsiylə Türkiyədəki fəaliyyətinə başlayıb. "SOCAR Türkiyə" bu ölkənin ən gənc enerji şirkətlərindən biridir. Bu, neft emalı, neft-kimya, energetika, loqistika və daşıma inteqrasiyasına əsaslanan sahələrdə bir-birini dəstəkləyən bir enerji şirkətidir. "SOCAR Türkiyə Enerji A.Ş."nin 87 % hissəsi SOCAR-a aiddir.
14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" "SOCAR Türkiyə"nin 13 %-lik hissəsinə ortaq olub. Şirkət 2021-ci ildə bu 13 %-lik hissəni "Goldman Sachs"ın liderliyini edəcəyi bir konsorsium ilə birjada satışa çıxarmağı planlaşdırır. "SOCAR Türkiyə Enerji A.Ş." 2018-ci ildə Türkiyənin ən böyük ikinci, 2023-ci ildə isə ən böyük sənaye şirkəti olmağı hədəfləyir".
K. Yavuz qeyd edib ki, 2008-2018 illər ərzində TANAP ilə birlikdə Türkiyəyə qoyulan investisiyanın məbləği 20 milyard dolları keçəcək. Onun sözlərinə görə, "Value-Site" layihəsi çərçivəsində bu günə qədər Petkim yarımadasına qoyulan investisiyaların cəmi 10 milyard dollardan artıqdır. Baş icraçı direktor bildirib ki, cari gün üçün "SOCAR Türkiyə", Türkiyənin ən böyük xarici investorudur və SOCAR-ın bu ölkədəki investisiya portfeli 20 milyard dollardır.
K. Yavuz Petkim Petrokimya Holding Şirkəti haqqında da məlumat verib. O, qeyd edib ki, Petkim yarımadası Türkiyənin sənaye sahəsində strateji əhəmiyyətə sahib ən vacib investisiya mərkəzidir: "SOCAR 2008-ci ildə Petkimin 51%-lik hissəsini 2 milyard 40 milyon dollar müqabilində Türkiyə dövlətindən blok halında alıb. Daha sonra isə dövlətdə qalan 10-%-lik hissəni də 168 milyon dollar qarşılığında 2012-ci ildə əldə edib. Beləcə SOCAR-ın Petkimin alınması üçün bu günə qədər ödədiyi məbləğ 2,2 milyard dollar təşkil edib. Bu 2,2 milyard dolların təxminən 900 milyon dolları SOCAR Türkiyə şirkəti olaraq Türkiyədə formalaşdırdığı maliyyə resursları hesabına ödənib. Türkiyədə yaradılan resurs hesabına Petkimin özəlləşdirilməsindən geriyə qalan borc tamamilə ödənib. Etilen Zavodundaki 13%-lik tutum artımı və PTA Zavodundaki 50 %-lik tutum artımı da 2014-cü ildə tamamlanıb. Tutum artımları nəticəsində Petkimin illik istehsal tutumu 3,2 milyon tondan 3,6 milyon tona yüksəlib".
O, "Star" Neft Emalı Zavodu A.Ş. haqqında danışaraq bildirib ki, "Star" Neft Emalı Zavodu layihəsinin ümumi investisiya məbləği 5 milyard 600 milyon dollar təşkil edir. K. Yavuzun sözlərinə görə, investisiya məbləğinin 2 milyard 400 milyon dolları SOCAR-ın öz resurslarından təmin edilib, geri qalan 3 milyard 200 milyon dollar dəyərindəki investisiya isə banklar tərəfindən maliyyələşdirilməkdədir: "SOCAR-ın İzmirdə inşa etdiyi "Star" Neft Emalı Zavodu üçün 23 bankdan ümumilikdə 3.2 milyard dollarlıq maliyyə resursu təmin edilib. 18 illik ödəmə planı ilə Türkiyə real sektor tarixinin ən böyük layihə maliyyələşdirilməsi olan bu layihə, 23 beynəlxalq bankın və Amerika, Yaponiya, Koreya, İspaniya və İtaliya Eximbanklarının içində olduğu bir konsorsium tərəfindən reallaşdırılıb. "Star" Neft Emali Zavodu 2018-ci ildə tamamlanacaq. Zavod Türkiyə Respublikasının bir nömrəli strateji investisiyaya təşviq sənədinə malikdir. Bu sənəd ilə investisiya dövründə Türkiyə Respublikası tərəfindən təxminən 1 milyard dollara yaxın bir təşviq veriləcək. "Star" Neft Emalı Zavodunun istehsal edəcəyi bütün məhsullar, hazırda Türkiyəyə xaricdən idxal edilir. Yəni Türkiyədə istehsal edilə bilməyən, tutumu yetərsiz olduğu üçün idxal edilən məhsullar artıq bu zavodda istehsal ediləcək. "Star" Neft Emalı Zavodu Petkim ilə inteqrasiya olduğu üçün Avropanın ən yüksək texnologiyaya sahib məhsuldarlığı və gəliri ən yüksək olan zavod olacaq. Zavoddakı tikinti işlərinin 29 %-i tamamlanıb. Bu günə qədər "Star" Neft Emalı Zavoduna 2 milyard dollar pul xərclənib. Bu məbləğin təxminən 300 milyon dolları banklardan alınan layihə maliyyələşdirilməsi tərəfindən qarşılanıb. Bundan sonrakı xərclərin böyük hissəsi yenə layihə maliyyələşdirilməsi tərəfindən qarşılanacaq. İnvestisiya mərhələsində, 2017-ci ilin sonuna qədər Neft Emalı Zavodunda təxminən 10 mindən çox insan çalışacaq. 2018-ci ilin mart ayında istehsala başlanılması hədəflənib. İstehsala başlanıldıqdan sonra isə daimi əsasda 1000 nəfər işlə təmin ediləcək".
K. Yavuz Petkim yarımadasında inşa edilən Petlim Konteyner Limanının Türkiyənin üçüncü, Egey Dənizinin isə ən böyük konteyner limanı olacağını deyib. Petlimin keyfiyyət standartları baxımından Türkiyənin ən keyfiyyətli və ən yüksək standartlara sahib limanı olacağını bildirən baş icraçı direktor dünyanın ən böyük investisiya banklarından olan "Goldman Sachs"ın Petkim liman şirkəti Petlimə ortaq olduğunu qeyd edib: "Petlim səhmlərinin 30 %-i 250 milyon dollar müqabilində "Goldman Sachs"a satılıb. Bu səhmlərin satışı nəticəsində Petkim Konteyner Limanının bazar dəyəri bir milyard dollara çıxmış olub. Petlimin ən böyük xüsusiyyəti, 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmilərinin limana yanaşa bilməsidir. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. Petlimin ümumi investisiya dəyəri 400 milyon dollardır. 400 milyon dolların 300 milyon dollarlıq hissəsini Petkim maliyyələşdirib. Limanın menecmenti 28 il müddətinə dünyanın ən böyük konteyner terminalı idarəetmə şirkəti olan "APM Terminals" şirkəti tərəfindən həyata keçiriləcək və gəlir ortaqlığı razılaşmasına əsasən Petkim də əldə edilən gəlirlərdən pay alacaq. Hədəfimiz 2016-cı ilin yanvar ayından etibarən konteyner gəmilərini limanda görməkdir. Petlimin rəsmi açılışını ən gec 2016-cı ildə Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə həyata keçirməyi planlaşdırırıq".
Baş icraçı direktor SOCAR POWER Enerji Sərmayələri A.Ş. haqqında da media nümayəndələrinə məlumat verib: "Petkim yarımadası enerji istehsalının şaxələndirilməsi çərçivəsində planlanan Külək Enerji Stansiyasının ümumi gücü 51 MW olacaq. Təxminən 55 milyon avro məbləğində investisiya ilə Petkim tərəfindən inşa edilən Külək Enerji Stansiyasının tikintisinin 2016-cı ilin sonunda tamamlanması planlaşdırılır. "SOCAR Power" şirkətinin Petkim ərazisində gələcək on illik planda təxminən 1500 megavatt gücə sahib bir layihəsi var. Hazırda təxminən 300 megavattlıq gücə sahib olacaq kömür stansiyası üçün "SOCAR Power" şirkəti vasitəsilə bürokratik işlərlə əlaqədar dövlətdən alınması lazım olan icazələr alınıb. Tender prosesi və layihə maliyyələşdirilməsini təmin etmək üçün banklarla danışıqlar davam etdirilir. 300 megavattlıq "Petkim Kojenerasyon Təsisinin" (Petkojen) birinci mərhələsinin 2016-ci ildə tamamlanması hədəflənir. Beləliklə enerji xərclərində təxminən 30% qənaətin təmin edilməsi planlaşdırılır. Nəzərdə tutulan yatırımlarla 2023-cü ildə Petkim yarımadasının elektrik və buxar gücü ehtiyacı təxminən 4 qat artacaq.
STEP Enerji Stansiyası layihəsinin ümumilikdə 1,4 milyard dollarlıq investisiya xərclərinin 300 milyon dolları ətraf mühit çirkliliyinin qarşısını alacaq investisiya məbləği olaraq hesablanıb. Həyata keçirilən enerji investisiyaları ilə həm Petkim yarımadasındakı enerji ehtiyacları ödəniləcək, həm də Türkiyə dövlətinə elektrik satılacaq".
K. Yavuz Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinin Türkiyə və Azərbaycanın bu günə qədər müvəffəqiyyət ilə icra etdikləri layihələrin enerji sahəsindəki ən əhəmiyyətli nümunələrindən biri olduğunu deyib: "26 dekabr 2011-ci ildə Razılaşma Memorandumu və 26 iyun 2012-ci ildə Hökumətlərarası Saziş və Ev Sahibi Hökumət müqaviləsinin imzalandığı TANAP, Azərbaycan Şahdəniz-2 sahəsi və əlavə mənbələrdən əldə edəcəyi təbii qaz ilə Türkiyə və Avropanın təbii qaz təhlükəsizliyi və çeşitliliyinə böyük qatqı təmin edəcək. TANAP, Türkiyənin Gürcüstan sərhədində Ardahan vilayətinin Posof mahalının Türkgözü kəndindən başlayaraq Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşəhər, Kırıqqala, Ankara, Əskişəhir, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaq üzrə 20 vilayətdən keçəcək və Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında sonlanacaq. Bu nöqtədən Avropa ölkələrinə təbii qaz ötürülməsini həyata keçirəcək TAP Təbii Qaz Boru Xəttinə birləşdirəcək. Xəttin Türkiyə daxili çıxış nöqtələri isə Əskişəhər və Trakya bölgəsi olacaq. TANAP layihəsi çərçivəsində ilk qaz axışı 2018-ci ildə reallaşacaq. İlkin olaraq illik 16 milyard kubmetr olacaq daşıma tutumu, pilləli olaraq əvvəl 24 milyard kubmetrə və ardından 31 milyard kubmetrə yüksəldiləcək. TANAP, Türkiyə sərhədləri içərisində bu günə qədər həyata keçirilən ən böyük həcmə və uzunluğa sahib təbii qaz boru xətti layihəsi olacaq".
Sonda K. Yavuz media nümayəndələrinin suallarını cavablandırıb və xatirə şəkli çəkdirilib.
Görüşdən dərhal sonra media nümayəndələri İzmir şəhərinə yola düşüblər. Jurnalistlər orada "Petkim"in Baş Direktoru Sadettin Korkut ilə görüşüb, yarımadanı gəzib, "Star" Neft Emalı Zavodunun tikinti ərazisi ilə tanış olublar.
Qeyd edək ki, avqustun 27-dən 30-dək davam edən səfər azərbaycanlı jurnalistlərin SOCAR-ın Türkiyədəki investisiyalarını yerində görmək və rəhbərliklə görüşməsi üçün "SOCAR Türkiyə" tərəfindən təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB