Ekspert: “Dollar 1 manat 5 qəpikdən artıq satıla bilməz” AÇIQLAMA

Ekspert: “Dollar 1 manat 5 qəpikdən artıq satıla bilməz” AÇIQLAMA

"Ölkədə valyuta satışı ilə bağlı məzənnəni Mərkəzi Bank elan edir. Mərkəzi Bankın bu günə olan məzənnəsi baxdıqda, manatın dollara nəzərən möhkəmləndiyini görə bilərik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, region ölkələrinin valyutalarında baş verən proseslər Azərbaycanda insanlar arasında ajiotaja səbəb olub: "Həmçinin, həftə sonu olduğundan Mərkəzi Bank xarici valyutanı intervensiya üçün banklara göndərə bilməməsi və insanlardan ajiotajın olması valyutadəyişmə məntəqələrində sıraların meydana gəlməsinə səbəb olub. Avronun dünya bazarında kursunun yüksəlməsi səbəbindən manat avroya nisbətən müəyyən dəyər itirir. Rəsmi məzənnədə Mərkəzi Bank son ayların ən aşağı məzənnəsini müəyyənləşdirib və bu o deməkdir ki, manat dollara nisbətən yüksək rəsmi məzənnə ilə təklif edilir. Mərkəzi Bankın bugünkü rəsmi məzənnəsi valytua dəyişmə məntəqələrində ajiotajın aradan qaldırılmasına gətirib çıxaracaq. Cəmiyyətə müxtəlif məlumatlar təqdim olunduğuna görə, hətta bəzi valyutadəyişmə məntəqələri prosesdən ehtiyatlanaraq valyuta satışını da dayandırdı. Həftə sonu Mərkəzi Bank bankları valyuta ilə təmin etmir. Qazaxıstandakı devalvasiya, o cümlədən son bir ayda Rusiyada məzənnə azalmaları psixoloji olaraq bazara təsir göstərir. Amma Mərkəzi Bank rəsmi olaraq məzənnəni elan edib və güman edilir ki, rəsmi məzənnə ajiotajın azaldılmasına imkan verəcək.

Artıq bu gündən iş günü olduğundan Mərkəzi Bank intervensiya üçün banklara valyuta göndərə biləcək. Banklar isə, qanunvericiliklə müəyyən edilmiş Mərkəzi Bankın məzənnəsinə nəzərən 2 faizlik fərqi artıra bilməzlər".

Ekspert qeyd edib ki, rəsmi məzənnə bu gün üçün müəyyənləşdirilib, bunu nəzərə alaraq banklar öz kurslarını müəyyənləşdirməlidirlər: "Nəzərə alsaq ki, rəsmi məzənnə ilə valyutadəyişmə məntəqəsinin təklif etdiyi məzənnə arasında yalnız 2 faiz fərq ola bilər, bu da o deməkdir ki praktiki olaraq valyutadəyişmə məntəqələri dolları 1 manat 5 -qəpikdən artıq sata bilməz. Güman olunur ki, Mərkəzi Bankın rəsmi məzənnəsi valyutadəyişmə məntəqələri üçün bir mesaj olacaq və bu məntəqələr artıq Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq kursu müəyyənləşdirərək xarici valyutaların alqı–satqısını davam etdirəcəklər. Əgər valyutadəyişmə məntəqələri dolları 1 manat 5 qəpikdən artıq təklif edərsə, bu qanunvericiliyin pozulması və məntəqə tərəfindən qanuna zidd məzənnənin elan olunması deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə