"Lifttəmir" İstehsalat Birliyinin böyük uğurları
Liftiniz işləyirmi? MÜSAHİBƏ

Bu gün Azərbaycanda çox uğurlu işlərə imza atan təşkilatlardan biri də "Lifttəmir" İstahsalat Birliyidir. Onlar sözün həqiqi mənasında var qüvvələri, bütün bilik və bacarıqları ilə Azərbaycan dövlətinə və dövlətçiliyinə layiqincə xidmə edirlər. Onların bir devizi var: "İnsanlara layiqincə xidmət etmək və Bakı şəhərində liftlə bağlı bütün problemləri qısa vaxtda həll etmək".

Paytaxtımızdakı binalarında quraşdırılmış liftlərin bugünkü vəziyyəti və gələcəkdə görüləcək işlər barəsində təşkilatın baş mühəndisi Mehdi Hüseynovdan aldığımız müsahibəni oxucularımız üçün maraqlı olacağını nəzərə alıb təqdim edirik.

-"Lifttəmir" İstehsalat Birliyi fəaliyyəti hər an diqqət mərkəzində olan təşkilatdır. Xahiş edirik, təşkilatınız barədə oxucularımıza qısa məlumat verərdiniz.

- "Lifttəmir" İstehsalat Birliyi hələ Sovetlər dönəmində 1960-cı illərdə yaradılıb. Müxtəlif vaxtlarda "Baklift", "Lifttəmir", "Azərlift" kimi adları olub. Bizim indiki təşkilat "Lifttəmir" İstehsalat Birliyi həmin adları dəyişdirilmiş idarənin özülünü təşkil edir. Bu təşkilat Bakı şəhər İcra Hakimiyyətinin dövlət mənzil fonduna aid olan Mənzil Kommunal Təşkilatlarının binalarına xidmət göstərir.

- "Lifttəmir" İstehsalat Birliyinin nəzdində neçə idarə var?

- Birliyin tərkibinə 5 idarə daxildir. Bunlar "Baklift"-1, "Baklift"-2, "Baklift"-3, "Bakmənzilavtomat", "Funikulyor" və TEMP dövlət müəssisələridir. Bu təşkilatlar da Bakının 11 rayonunun əhalisinə uğurla xidmtə edir. Bir daha vurğulayıram, bizim bu təşkilatlar Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin ərazisində olan binalara xidmət göstərirlər. Bura da 1243 bina daxildir. Biz özəl, evtikmə kombinatlarının, şəxsi, kooperavtiv və sair tipli binalara xidmət etmirik. Amma insanlarımızın çoxu elə bilir ki, Bakının 11 rayonunda nə qədər dövlət və yaşayış binaları varsa onların hamısına biz xidmət edirik. Bir daha vurğulayıram, biz cəmi 1243 binaya xidmət edirik. Bunu bilməyən bəzi media nümayəndələri də Bakı şəhərində liftlə bağlı olan bütün problemləri bizim ünvanımıza yazırlar. Bununla da insanları çaşdırırlar. Bu da çox zaman ondan irəli gəlir ki, həmin media nümayəndələrinin çoxunun lift işindən xəbəri yoxdur və öyrənmək istəmirlər. Çox məsələləri birtərəfli, yalnız özləri düşündükləri, bu işdən tam xəbərsiz səviyyədə işıqlandırırlar. Onlar bilmirlər ki, Bakı şəhərində bizim İstehsalat Birliyindən başqa çoxlu özəl firmalar da var. Həmin liftlərə də onlar xidmət göstərirlər. Amma bizimlə hansı bir təşkilat müqavilər bağlayırsa biz həmin təşkilatlara da xidmət edirik. Bizim isə əsas işimiz Bakı şəhər Mənzil Kommunal Təşkilatlarına aid olan binalardır. Biz də müqavilə əsasında həmin binalardakı 5275 liftə layiqincə xidmət edirik.

- Son üç ildə sizin təşkilat binalarda nə qədər yeni, təzə liftlər quraşdırıb və nə qədər lift əsaslı təmir olunub?

- Azərbaycan Respublikası Prezidentinin "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları" çərçivəsində xüsusi layihələr hazırlanıb və böyük uğurla həyata keçirilir. O cümlədən Bakı şəhərinin və onun ətraf qəsəbələrinin də bu proqram çərçivəsində sosial inkişafı sahəsində böyük işlər görülür. Əhaliyə göstərilən xidmətlər günü-gündən yaxşılaşır. Ona görə də Prezidentin Ehtiyat Fondundan və digər inverstisiya proqramları çərçivəsində Bakı şəhəri üzrə son illər ərzində bizim təşkilat tərəfindən 1590 lift yenisi ilə əvəz olunub və 1000-dən çox lift isə əsaslı təmir olunub. Vətəndaşlarımız bilsinlər ki, Bakı şəhərində quraşdırılan 1590 liftdən 1270-i dünya standartlarına cavab verən OTİS markalı liftlərdir. Üç il bundan qabaq OTİS kompaniyasının Avropa üzrə prezidenti Lundsay Harvey Azərbaycanda olub. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müqavilə imzalanıb. Onlar da bizi mütəmadi olaraq, həmin liftlərlə təmin edirlər.

- Bəs üç il bundaq qabaq nə qədər yeni lift quraşdırılıb?

- Maraqlı sualdır. Axırıncı üç il bundan əvvəlki dövrdə 1590 təzə liftin heç yarısı da quraşdırılmayıb. Özü də həmin liftlər keçmiş Sovetlər dönəmində hazırlanan liftlər idi. Bizim qarşımıza belə bir məqsəd qoyulub ki, ən qısa vaxtda bütün liftləri OTİS markalı liftlərlə əvəzləyək. Bütün liftlər təzə olsun. Dövlət həqiqətən də bizə lazım olan bütün şəraiti yaradıb və biz də bunu lazım olan səviyyədə doğrultmağa çalışırıq.

- Sizin təşkilat tərəfindən təmir edilən liftlərin vəziyyəti necədir?

- Əsaslı təmir etdiyimiz liftlər də bütün normativlərə cavab verir. Çünki hər il ən azından bir dəfə bütün liftlər texniki baxışan keçirilir. Bu texniki baxış da çox ciddi şəkildə aparılır. Yararsız, texniki təhlükəsizliyə cavab verməyən lift elə həmin dəqiqə istehsalatdan çıxarılır. Əgər onu yenidən əsaslı təmir etmək mümkünsə, yenidən təmir olunur. Çünki təşkilatımızda lift təmir edən yüksək ixtisaslı, peşəkar kadrlarımız var. Onlar da bu işi layiqincə görürlər. Təmir olunmuş liftləri də biz qısa vaxtda təzə liftlərlə əvəz edəcəyik. Bütün işlər mərhələli şəkildə həyata keçirilir ki, bu iş daha uğurlu və daha keyfiyyətli başa gəlsin. Onu da vurğulayım ki, Bakı şəhərində fəaliyyət göstərən lift idarələrinin təmir üzrə işçilərinin çoxunun mütəxəssisləri də bizim müəssisədə yetişiblər. Onlar bu işi bizdən, bizim müəssisədəki kadrlardan öyrənib və sonradan özlərinin müstəqil təşkilatlarını yaradıblar. Çünki bu təşkilat 50 ildə təkcə öz işini görməyib və həm də çoxlu mütəxəssislər yetişdirib.

- Amma gəlin bunu da danmayaq, yeni tikilən kooperativ, özəl binaların sahibləri çox vaxt fikirləşmirlər ki, binalara quraşdırdıqları liftlərə mütəxəssislər xidmət etsin. Bu işi sizin kimi təşkilatlar nəzarətinə götürməlidir ki, gələcəkdə hansısa bədbəxt hadisələr baş verməsin. Necə ki, bu işə biganəliyə görə, axır vaxtlar liftlərdə bədbəxt hadisələr baş verir.

- Mən də sizin sözlərinizlə şərikəm. Həmin binaların, özəl firmaların, təşkilatların, kooperativlərin sahibləri hökmən gəlib bizimlə və ya xüsusi lisenziyası olan lift servizlərlə müqavilə bağlasalar və mütəxəssislər həmin liftlərə nəzarət etsələr, heç bir bədbəxt hadisə baş verməz.

- Liftlərlə bağlı sizə şikayətlər çoxmu olur?

- Biz işimizi elə qurmuşuq ki, çalışırıq heç bir şikayət olmasın. Çünki əməkdaşlarımız öz işlərinə cavabdeh olduqlarından, çalışırıq ki, hər bir problemi tez və yerindəcə həll edək. Onu da vurğulayım ki, liftdən istifadə edən vətəndaşlardan çox şey asılıdır. Çünki insanlarımız evlərini təmir edən vaxtı oradan çıxartdıqları lazımsız əşyaları daşıyanda liftləri artıq yükləyirlər. Onlar fikirləşmirlər ki, bu çox təhlükəlidir. Eləcə də liftləri əlavə elektrik cərəyanlarına qoşurlar. Əgər lift üç adamı qaldırmaq üçün nəzərdə tutulsa, birdən-birə 4-5 adam liftə minir. Bir də görürsən ki, maşın şöbələrinin üstündə, mərtəbələrdə su çənləri quraşdırırlar. Həmin çəndər axan sular da liftə dolur və nasazlıqlar yaradır. Onların elektron sistemlərini sıradan çıxarır. Belə halların olması da istismar qaydalarının pozulmasına və liftin dayanmasına gətirib çıxarır. Ona görə insanlar liftdən istifadəyə çox ciddi nəzarət etməlidirlər. Axı bu liftdən onlar özləri istifadə edirlər. Öz evlərinə necə münasibət bəsləyirlərsə, onun təmizliyini necə qoruyurlarsa, necə xidmət edirlərsə, binalarında olan liftlərə də elə münasibət bəsləməlidirlər. Liftdən istifadə zamanı uşaqlar nəzarətsiz buraxılmamalıdır. İnsanlardan ən böyük təvəqqəmiz budur ki, liftdə bir nasazlıq görəndə bu işə özləri müdaxilə etməsinlər. Bu işi bilən mütəxəssis çağırsınlar. Gərginlik açılmaları olanda, işıq sönəndə görürsən ki, adamlar tez özləri işə müdaxilə edirlər. Əlbəttə, bu müdaxilələr çox vaxt xoşagəlməz hadisələrə də gətirir çıxarır. Belə olan halda çox səbrli olmalı və hadisə baş verən yerdə işlərə nəzarət edən mənzil kommunal istismar sahələrinin lift bələdçilərinə və ya lift idarələrinin elektromexaniklərinə müraciət etsinlər. Belə ki, hadisə baş verən yerə bu işi bilən mütəxəssisi, lift bələdçilərini, ərazi üzrə xidmət göstərən lift elektromexaniklərini, məsil istismar sahələrinin işçilərini dəvət etmək lazımdır. Bu məqsədə daha müvafiqdir ki, bu iş tez və xətasız yoluna qoyulsun. Qoy adam lftdən 5 dəqiqə gec çıxsın, amma bilsin ki, sağ-salamat və təhlükəsiz şəraitdədir. Ona görə də vətəndarşlardan tələbimiz budur ki, liftdən istifadə qaydalarına çox ciddi riayət etsinlər.

- Çox maraqlı bir mövzuya toxundunuz. Vətəndaşların liftlə bağlı maarifləndirilməsi çox zəifdir. Bununla bağlı sizdə hansı işlər görülür?

- Hər il müəyyən müddətlərdə, yaz-yay, payız-qış mövsümlərinə hazırlıqla bağlı lift idarələrimiz liftdən xüsusi istifadə qaydaları haqqında vərəqləri liftlərin yanına yapışdırılar. Lift istismarına nəzarət edən lift bələdçiləri də mütəmadi olaraq insanları bu üsulla maarifləndirirlər. Eləcə də biz mütəmadi olaraq qəzetlər, yurnallar, televiziyalar, Fövəladə Hallar Nazirliyinin bu işlər bağlı xüsusi nəzarət şöbələrinin içiləri vasitəsilə maarifləndirici işlər aparırıq. Çalışırıq ki, insanlarımız istismar qaydalarına riayət etsinlər. Amma bütün yazılanları oxusalar da, bütün deyilənləri eşitsələr də insanlarımızın böyük bir qismi bunlara layiqincə əməl etmirlər. Liftlərə artıq yükləmələr edirlər. Liftləri sındırırlar, yandırırlar. Ona görə də vətənini, millətini, dövlətini sevən insanların da bu sahədə bizə kömək etmələri lazımdır. Onlar da bizimlə birlikdə həmin vətəndaşlarla mübarizə aparmalıdırlar. Çünki dünyanın sivil ölkələrində bu işə sakinlər özləri nəzarət edirlər. Təsəvvür edin ki, biz çox yüksək qiymətə OTİS markalı lifti almışıq və quraşdırmışıq. Əgər həmin binada yaşayan adamlar fikirləşməsələr ki, bu lift mənim evimin ən bahalı əşyasıdır və mən bunu hökmən qorumalıyam, onda bizim nəzərət etməyimizin heç bir mənası olmaz. Məsuliyyətsiz adamdan isə nə desən gözləmək olar. Amma bütün bunlara baxmayaraq biz, öz işimizi məsuliyyətlə görürük və çalışırıq ki, xalqımıza, dövlətimizə layiqincə xidmət edək, dövlət başçısının verdiyi tapşırıqları layiqincə yerinə yetirək və xalqımızın liftlə bağlı heç bir problemi olmasın. Çalışırıq ki, qısa müddətdə bütün liftləri yeniləri ilə əvəz edək ki, insanlarımız bizdən razı qalsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə