3 kəndə qaz verildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin davamı olaraq iyulun 11-də Sabirabad rayonunun Azadkənd və Qəfərli kəndlərinə, eləcə də İmişli rayonunun Bəhramtəpə kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, açılış mərasimlərində rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Sabirabad rayonunun 380 abonenti olan Azadkənd kəndinə yenidən təbii qaz verilib, bunun üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4640 metr polietilen və 34 666 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 380 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun 115 abonenti olan Qəfərli kəndinin qazlaşdırılması üçün uzunluğu 11 679 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

İmişli rayonunun Bəhramtəpə kəndinə isə ilk dəfə olaraq təbii qaz verilib. Bəhramtəpə kəndinin 927 abonentinin qazlaşdırılması üçün 3267 metrlik polietilen və 50 778 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 927 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin "mavi yanacaq"la təmin olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə