Vüqar Bayramov: "Çin Qərbin iqtisadi təsir imkanlarını məhdudlaşdırır” AÇIQLAMA
"Amerika Birləşmiş Ştatları və eləcədə də Qərbin uzun müddət siyasi və iqtisadi proseslərə diqtə etməsi dünyanın iqtisadi baxımından birqütblü olmasına gətirib çıxarmışdı". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Çin Hindistanla 22 milyard dollarlıq ticarət anlaşmasını bağlamaqla dünyaya göstərdi ki, artıq Qərb və Amerika qlobal aparıcı qüvvə deyil. Çin də regional və qlobal gücə çevrilib: "Bu baxımdan artıq Amerika və Qərb dünyanın aparıcı qüvvəsinə çevrilmişdi. Praktiki olaraq Çinin həm dünya iqtisadiyyatında payının kəskin şəkildə artması, həm real ümumidaxili məhsulun həcminə görə dünyada Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən böyük iqtisadiyyata malik ölkə olması, həm də ümumi dəyəri 22 milyarddan artıq olan iqtisadi sazişin imzalanması birmənalı şəkildə ondan xəbər verir ki, Çin artıq regionda, qlobal arenada kifayət qədər möhkəmlənib. Nəzərə almaq lazımdır ki, sözügedən müqavilə çərçivəsində imzalanmış vəsait alternativ enerjinin əldə edilməsi, müxtəlif maliyyə və digər infrastrukturların, hətta sənaye parklarının yaradılmasına sərf ediləcək. Bu isə o deməkdir ki, söhbət xüsusən Çinin maliyyə vəsaitləri hesabına regionda iqtisadiyyatı stimullaşdıran fəaliyyətlərin həyata keçirilməsindən gedir. Bütün bu hadisələr onu göstərir ki, Çin əslində bununla regionda aparıcı ölkə olduğunu göstərmir. Eyni zamanda inkişaf etməkdə olan ölkələr üçün ona görə vacibdir ki, bu addım Qərbin iqtisadi təsir imkanlarını xeyli məhdudlaşdırır. Sözügedən müqavilə birbaşa Azərbaycanla bağlı olmasa da, Azərbaycan da qlobal iqtisadi sistemdə ikili münasibətlərdən çox əziyyət çəkən ölkədir. Bu baxımdan bu gün qlobal sistemdə balanslaşdırmanın olması, eyni zamanda ikili münasibətlərin xeyli zəifləməsinə və praktiki olaraq həm qlobal iqtisadi sistemdə, həm də qlobal siyasi sistemdə ədalətin tədricən bərpa edilməsinə gətirib çıxardar. Müqavilə regionun inkişafına töhfə verməklə yanaşı, eyni zamanda qlobal iqtisadi sistemdə balansın formalaşmasına səbəb olacaq. Güman olunur ki, birmənalı şəkildə inkişaf etməkdə olan ölkələr, belə bir ədalətin, balansın formalaşmasında maraqlı olduğu üçün, bu imkan verəcək ki, yalnız iki ölkə deyil, eyni zamanda bütövlükdə balansın və ədalətin formalaşması fonunda ən azı psixoloji olaraq digər ölkələr sözügedən müqavilənin təsirlərindən dolayı olsa da faydalana bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB