SOCAR Tatarıstanla əməkdaşlıqda maraqlıdır FOTO

SOCAR Tatarıstanla əməkdaşlıqda maraqlıdır FOTO

Aprelin 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycanla Tatarıstanın bir-birinə dərin tarixi köklərlə bağlı olduğunu söyləyib, hər iki respublikada neft-qaz sənayesinin yüksək inkşaf etdiyini vurğulayıb. SOCAR prezidenti qonaqlara əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı mühüm roldan danışıb. 2013-cü ilin sonlarında Ravil Zaripovun Bakıya səfərini xatırladan Rövnəq Abdullayev həmin görüşdən sonra SOCAR-la Tatarıstanın neft sektoruna daxil olan iri müəssisə və şirkətlər arasında əməkdaşlığın daha da zənginləşdiyini qeyd edib. Qəbul üçün təşəkkürünü bildirən Tatarıstanın sənaye və ticarət naziri Ravil Zaripov Tatarıstanın neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib, Tatarıstan iqtisadiyyatında mühüm yer tutan neft-qaz sənayesinin SOCAR-ın müxtəlif idarə və müəssisələri ilə tarixən mövcud olmuş dərin əməkdaşlıq əlaqələrinin bərpa edilməsində və genişləndirilməsində maraqlı olduğunu söyləyib. O, nümayəndə heyətini SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim edib. "Tatneftkimyainvestisiya" Holdinqinin, Buqulma elektrik nasosları zavodunun, neft-qaz maşınqayırma sektorunda lider olan QMS qrupunun nümyəndələri Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də SOCAR-la mümkün əməkdaşlıq perspektivləri haqqında geniş təqdimatlarla çıxış edibər. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi, Sumqayıt Kimya Texnoparkı, "Polimer" zavodunun inşa edilməsi və digər iritutumlu layihələrindən ətraflı bəhs edərək, Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını vurğulamış və Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər cür şəraitin olduğunu bildirib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə