Müslüm İbrahimov: “Pambıqçılıq daxili sənaye üçün lazımlıdır” AÇIQLAMA
"Pambıq özü Azərbaycanın kənd təsərrüfatı məhsulu deyil. Onu vaxtilə Sovet dönəmində ölkəmizə adaptasiya etmişdilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslüm İbrahimov deyib.
Onun sözlərinə görə, Sovet İmperiyasında Azərbaycan Cənubi Qafqaz ölkələri içərisində pambıq istehsalı üçün münbit respublika olaraq bu sahədə inkişaf etdirilib. Pambıq növləri ölkəmizə uyğunlaşdırılıb: "Seleksiya yolu ilə Azərbaycan mühitinə uyğunlaşdırılmışdır. Daha sonra respublikalar arasında əmək bölgüsü həyata keçirmişdilər və Cənubi Qafqazda pambıq istehsalı yaratmaq fikrinə düşmüşdülər. Bu zaman Azərbaycan daha əlverişli idi nəinki Gürcüstan və Ermənistan. Sonda Elmi Tədqiqat İnsititutu, Gəncədə Kənd Təsərrüfatı İnstitutunda pambıqçılıqla bağlı konkret ixtisaslaşma getdi. Kənd təsərrüfatı maşınları, kombaynlar gətirilərək yüksək səviyyədə infrastruktur formalaşdırılıb".
Ekspert pambığın dünya bazarına çıxışı məsələsinə toxunarkən qeyd etdi ki, bu məhsulun qlobal satışı ilə məşğul olan təşkilaat var. Bu təşkilata daxil olmaq isə kifayət qədər çətindir: "Günümüzdə isə dünya bazarında pambığın müəyyən edilmiş qiyməti var. Ümumiyyətlə pambıqçılığın ixtisaslaşması, daha doğrusu onun saxlanma və yığım texnologiyası çox çətin bir prosesdir. Yəni bu texnologiyanı zəncirvari olaraq təmin etmək üçün yüksək səviyyəli mütəxəssislər lazımdır. Həmçinin infrastruktur da qurulmalıdır. Pambığın emalı, onun saxlanılması və daha sonra satışının təmin edilməsi ilə bağlı dünyada fəaliyyət göstərən "Cotton Club" var. Dünyanın pambıq bazarı da çox çətin bir bazardır. Ona görə ki, burada "Cotton Club" kimi bir təşkilat fəaliyyət göstərir və bura daxil olmaq da çox çətindir. Orta Asiya regionunda ən böyük istehsalçı və ixracçı Qazaxıstandır".
Müslüm İbrahimov vurğuladı ki, Azərbaycanda pambıq haqqında qanun qəbul edilib. Lakin pambıqçılığın inkişaf etdirilməsi üçün birinci növbədə istehsalçı ilə emalçı arasında rəqabət mühiti yaradılmalıdır. Pambıq sadəcə ixrac üçün deyil, yerli istehlak üçün də yetişdirilməlidir: "Ölkəmizdə pambıqla bağlı ayrıca bir qanun var. Pambıq haqqında qanunda kifayət qədər hüquqi normativ bazamız var. Sadəcə olaraq pambıqçılığa külli miqdarda vəsait qoymaq lazımdır. İstehsalçı ilə istehlakçı arasında da asılılıq məsələsi var. Bu asılılıq biraz aşağı endirilərsə pambıqçılığın inkişafı üçün daha yaxşı olar. Azərbaycan bu sahədə xüsusi ixtisaslaşmayıb. Lakin pambıq əkinçiliyini saxlamaq olar. Çünkü pambıqçılıq daxili sənaye üçün lazımlıdır. Xaricə ixracda nə qədər özünü göstərəcək bunu deyə bilmərəm. Bu sahə çox ciddi bir sahədir. Dünyanın bir çox ölkəsi daxili istehlak məqsədilə pambıqçılığa investisiya yatırır. Məsələn bunlardan biri də Türkiyədir. Yatırdığı investisiya müqabilində bol məhsul da götürə bilir. Lakin Azərbaycanda pambığa yatırımda müəyyən çatışmamazlıqlar mövcuddur. Xaricdə pambıq istehsalçısı ilə emalçı arasında rəqabət yaradılıb. Yəni, pambığı istehsal edən şirkətlər və ya şəxslər birbaşa emalçıdan asılıdırlar. Bizdə də bu rəqabət mühiti yaradılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB