Eyyub Hüseynov: “Yarmarkalarda məhsullar yoxlanılmır” AÇIQLAMA
"Ölkə Prezidentinin keçən ilin mart ayında imzaladığı "Kənd təsərrüfatı məhsulları və ərzaq məhsulları bazarının yenidən təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı yaşıl marketlərin yaradılması, süni qiymət artımının qarşısının alınması karter sözləşmələrinin qarşısının alınması kimi addımlarla əhalinin sosial müdafiəsinə yönəldilmiş çox əhəmiyyətli tapşırıqlardır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Birlik olaraq yarmarkalarda keçirilən monitorinqlərdə Prezidentin sərəncamının adekvat inkası görülməyib. Yarmarkalarda qiymətlər bahadır və satıcılar da bu vəziyyətdə özlərinin haqlı olduğunu ifadə edirlər: "Lakin təəssüflər olsun ki, ölkə Prezidentinin bu əhəmiyyətli tapşırıqlarının tam adekvat inkasını bazarda görmürük. Bazar günü bununla bağlı olaraq Nərimanov ərazisində olan yarmarkalarda kiçik monitorinq apardım və qiymətlərin baha olduğunu müşahidə gördüm. Satıcılardan bunu soruşduqda isə onlar bildirdilər ki, "qiymətlərlə bağlı kim bizə diktə edə bilər, öz malımızdır satırıq, burda olmaz başqa yerə aparıb satarıq". Digər tərəfdən satıcı düz deyir, çünkü öz malını istənilən qiymətə sata bilər. Bir sözlə məmurun barmaq sirkələməsi ilə, Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin təlimatı ilə qiymətin aşağı salınması mümkün deyil".
Eyyub Hüseynov qiymətlərin aşağı olması üçün ilk növbədə bolluğun formalaşdırılmasının vacib olduğunu qeyd etdi. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyinin ciddi tədbirlər həyata keçirməsinin vacib olduğunu vurğuladı: "Əhali isə qiymətin yuxarı olmasından narahatdır, xüsusən də bayram öncəsi. İstehlakçılar bu gün tələb edir ki, bolluq olsun. Kənd Təsərrüfatı Nazirliyinin işçiləri ayaqların rezin ayaqqabıları geyinsin, kəndçilərin yanında dursunlar. Sudan necə istifadə olunmasını öyrətsinlər, necə çalışmaq və bolluq yaradılması üçün nə etmək lazım olduğunu göstərsin. Bolluq olsun ki, ucuzluq olsun. Yoxsa zorla ucuzluq yaratmaq mümkün deyil, bunu hamı bilir, bazarın qanunu belədir. Ölkə Prezidenti öz çıxışların qiymətin qalxması qarşısını alacayıq deyəndə karter sözləşmələrini, monopoliyaları nəzərdə tutur. O, heç də demir ki, dükanlarda qiymətlər aşağı salınsın".
Azad İstehlakçılar Birliyinin sədri yarmarkalarda satılan məhsulların keyfiyyətinin yoxlanılması məsələsinə də aydınlıq gətirdi. O bildirdi ki, portativ cihazlar vasitəsilə məhsulların qısa bir müddət ərzində ekspertizasını aparmaq mümkündür və bunu Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda yaymalıdır: "Keyfiyyət məsələsinə gəldikdə isə, çox təəssüflər olsun ki, həmin minlərlə insanın gəldiyi yarmarkalarda heç bir ekspertiza aparatı yoxdur. Məhsulları yoxlayan laboratoriya yoxdur. Orada süd məhsulları satılır, mənşəyi bilinmir. Lakin Kənd Təsərrüfatı Nazirliyinin işçiləri bacardıqlarını etməyə çalışırlar. Ekspres analiz aparan portativ cihazlar mövcuddur. Onlardan həmin kənd təsərrüfatı məhsulları bazarında yaymaq lazımdır. Aparatlar məhsulların tərkibini yarım dəqiqə ərzində yoxlayır. Həmin o cihazlardan yarmarkalarda müstəqil olaraq qoymaq lazımdır ki, insanlar özləri yoxlayıb məhsulun vəziyyətini analiz edə bilsinlər. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azad İstehlakçılar Birliyinin göndərdiyi məktuba hələ ki heç bir cavab verilməyib. Bir daha qeyd etmək istəyirəm ki, ekspertiza cihazlarını yaymaq lazımdır ki, həmin yarmarkalarda məhsulların təhlükəsizliyi təmin olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB