Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzi (TİM) "Qlobal Pul Həftəsi" çərçivəsində bir sıra silsilə tədbirləri davam etdirir. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, belə tədbirlərin davamı olaraq Binəqədi rayonunda yerləşən 126 saylı orta məktəbin V və VI sinif və Səbail rayonunda yerləşən 160 saylı orta məktəbin IX, X və XI sinif şagirdləri ilə TİM-in bir qrup əməkdaşlarının görüşü təşkil edilib.
Görüşdə "Qlobal Pul Həftəsi" haqqında ətraflı məlumat verilmiş, "Pul nişanlarını tanıyın" və "Pul haqqında 10 maraqlı fakt" mövzusunda təqdimatlar keçirilib. İnteraktiv formada təşkil edilmiş təqdimatlar zamanı pulun yaranma tarixi, milli əskinasların üzərindəki simvolların mənaları və ölkədə aparılan pul islahatlarına dair maraqlı faktlar məktəblilərin diqqətinə çatdırılıb.
Tədbir zamanı məktəblilər arasında pulun müasir cəmiyyətdə rolu, qənaət, investisiya və s. mövzularda müzakirələr aparılıb, mövzuya dair onlara maraqlı video filmlər nümayiş etdirilib. Həmçinin şagirdlər arasında sual-cavab keçirilib, müzakirələrdə fəal iştirak edən və fərqlənən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Qlobal Pul Həftəsi hər il mart ayının II həftəsində xüsusilə uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılması məqsədilə dünyanın 80-dən çox ölkəsində keçirilir. Bu ilki Qlobal Pul Həftəsi tədbirləri 9-17 mart tarixləri arasında "Bu gün qənaət etmək təhlükəsiz gələcək deməkdir" devizi altında təşkil edilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB