Araz Aslanlı: “Kənar qüvvələr bu layihədə daha maraqlı olacaqlar” AÇIQLAMA

Araz Aslanlı: “Kənar qüvvələr bu layihədə daha maraqlı olacaqlar” AÇIQLAMA

"Bakı – Tbilisi – Qars dəmiryolu layihəsi digər regional layihələr kimi cənubi Qafqazın suveren inkişafına müsbət töhfə verəcək". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Onun sözlərinə görə, cənab Prezidentin də qeyd etdiyi kimi layihə uzaq şərqlə ən uzaq qərb arasında körpü rolunu oynayacaq. Pekindən Londona qədər olan coğrafi ərazini əhatə edəcək: "Çünki bu layihənin ən mühüm istiqaməti ondan ibarətdir ki, şərqlə qərb arasında dəhliz rolunu oynayacaq. Azərbaycan Prezidenti və digər rəsmilər də qeyd etdilər ki, Ələtdə böyük limanın tikintisi nəzərdə tutulur və Bakı – Tbilisi – Qars dəmiryolu layihəsi eyni zamanda Pekindən Londona qədər geniş bir coğrafi ərazini dəmiryolu ilə birləşdirəcək bir xətdir. Bunun əhəmiyyətli bir hissəsi də İstanbulda reallaşdırılan Marmaray layihəsidir. Marmaray və Bakı – Tbilisi – Qars dəmiryolu layihələri ən uzaq qərbdən uzaq şərqə qədər dəmiryolu körpüsünün hissələrini tamamlayacaq".

Ekspert həmçinin qeyd etdi ki, Bakı – Tbilisi – Qars dəmiryolu layihəsi Azərbaycan – Gürcüstan və Türkiyənin dünya üçün əhəmiyyətini daha da artıracaq. Bu regionda sabitliyi istəməyən bəzi kənar qüvvələr də Bakı – Tbilisi – Qars dəmiryolu layihəsindən dolayı regiondakı sabitliyə razı olacaqlar: "Bu layihə regional əməkdaşlığa müsbət mənada töhfə verəcək, yəni Azərbaycan – Gürcüstan və Türkiyə arasındakı əməkdaşlığa öz təsirini göstərəcək. Dəmiryolu layihəsi bu 3 tərəfli regional əməkdaşlığın dünya üçün əhəmiyyətini artıracaq. Ola bilsin hansı isə qüvvələr istəyirlər ki, regionda qeyri – sabitlik olsun. Artıq onlar da maraqlı olacaqlar ki, Qafqazdan Bakı – Tbilisi – Qars dəmiryolu layihəsinin keçdiyi ərazi daha sabit olsun. Bakı – Tbilisi – Qars dəmiryolu layihəsinin iqtisadi gəlirləri də nəzərdə tutulur. Lakin digər tərəfdə regionda sabitliyin və əməkdaşlığın inkişafı üçün həmin kənar qüvvələr bu layihədə daha maraqlı olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə