Aydın Hüseynov: "Manat yenə də dünyanın ən dəyərli 11 valyutası sırasındadır"

"Manatın məzənnəsinin korreksiyası milli iqtisadiyyatın gələcək inkişafına yaradılmış zəmin hesab oluna bilər"
Aydın Hüseynov: "Manat yenə də dünyanın ən dəyərli 11 valyutası sırasındadır"

"Hazırda dünyada baş verən qlobal iqtisadi proseslər və dünya valyuta bazarlarındakı son tendensiyalar bir çox ölkələrin milli valyutalarının dəyərdən düşməsinə səbəb olmaqdadır. Neftin uçuzlaşması hasilatçı ölkə kimi Azərbaycan manatının da məzənnəsinə təsiri göstərməyə bilməzdi". YAP Siyasi Şurasının üzvü, YAP İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov son günlər maliyyə-valyuta bazarındakı vəziyyəti şərh edərkən bildirib.

İqtisadçı qeyd edib ki, Prezident İlham Əlyevin də bəyan etdiyi kimi iqtisadiyyatın öz qanunları var: "Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir. Son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib".

Aydın Hüseynov bildirib ki, manatın məzənnəsinin aşağı salınması əslində ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşməsi, qeyri-neft sektorunun gələcək inkişafı və qlobal maliyyə bazarlarında milli ixracatçıların mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Məlum olduğu kimi son dövrlərdə əksər ölkələrin milli valyutaları əhəmiyyətli dərəcədə ucuzlaşıb və bu faktor ölkəmizin milli iqtisadiyyatının rəqabət üstünlüklərinə mənfi təsirlərini göstərirdi. Yeni məzənnə dəyişikliklərindən sonra isə həmin problem artıq aradan qalmış olur və milli iqtisadiyyatın rəqabət imkanlarını neytrallaşdırır, həmçinin müəyyən üstünlüklərə zəmin yaradır. Ən müsbət amillərdən biri isə yerli istehsalçıların gələcək rəqabətqabiliyyətli məhsul istehsalına geniş imkanlar yaradan əlverişli ixrac siyasətinin həyata keçirilməsinə start verilməsidir. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaradacaq, yaxın illərdə Azərbaycanın qeyri-neft ixrac potensialını daha da güclənməsi, ixracatçılar üçün ixrac uzunmüddətli və dayanıqlı həvəsləndirmə siyasəti deməkdir. Beləliklə, manatın məzənnəsinin korreksiyası həmçinin milli iqtisadiyyatın gələcək inkişafına indidən yaradılmış zəmin hesab oluna bilər".

YAP İqtisadi məsələlər komissiyasının sədr müavini onu da bildirib ki, manatın məzənnəsinin aşağı salınması milli valyutamızın dünya valyutası kimi dəyərinin itməsi anlamına gəlmir: "Manat yenə də dəyərli və digər ölkələrin valyutaları ilə nisbətdə mövqeyini qoruyub saxlayan, sabit və möhkəm tədavül vasitəsidir. Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. Son proseslərə baxmayarq, manat yenə də dünyanın ən dəyərli 11 valyutası sırasındadır. Tam əminliklə demək olar ki, qlobal proseslərin fonunda respublikamızın maliyyə sisteminin sağlam və dözümlü olması milli valyutamızın dəyərinin qorunub saxlanmasına səbəb olacaq. Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət təsdiqləyir ki, respublikamızda güclü iqtisadiyyat və düşünülmüş iqtisadi strategiya manatın məzənnəsinin qorunub saxlanmasına imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə