Astanada təşkil olunacaq 4-cü Beynəlxalq Caspian Energy Forum 2015-ə hazırlıq çərçivəsində fevralın 20-də Qazaxıstan Respublikasının Energetika Naziri Vladimir Şkolnikin Caspian European Club-un baş icraçı direktoru Telman Əliyevlə görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüş zamanı Telman Əliyev Klubun təsis olunduğu ilk gündən Xəzər-Qara dəniz və Baltik regionları dövlətləri arasında səmərəli dialoqun qurulmasında fəal iştirak edən Vladimir Sergeyeviç Şkolnikə Caspian European Club-un təşəbbüsünü dəstəklədiyi üçün minnətdarlığını bildirib.
Görüşdə Caspian European Club-la əməkdaşlığın perspektivləri müzakirə olunub. Nazir Caspian European Club-la əməkdaşlığın inkişafının aktuallığını xüsusilə vurğulayıb.
Telman Əliyev 2015-ci ilin oktyabr ayında Astanada keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum - 2015 (www.caspianenergyforum.com) barədə məlumatı diqqətə çatdırıb.
Qeyd olunub ki, Caspian Energy Forum-un birinci hissəsi çərçivəsində Avrasiya, Xəzər-Qaradəniz ölkələri regionu, AB məkanında reallaşdırılan energetik, nəqliyyat və infrastruktur layihələrində Qazaxıstan Respublikasının rolunun, həmçinin, artan qaz upstream sektorunun, Xəzər və xəzəryanı ölkələrin resurs potensialının müzakirə olunması planlaşdırılır. Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyri-neft sektorlarında innovasiyaların tətbiq olunması, biznesin inkişafı, biznes-hökumət dialoqunun yaradılması mövzuları müzakirə olunacaq.
Forumda Qazaxıstan Respublikasında akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, AB rəhbərliyi, Xəzər-Qaradəniz və Baltika regionları ölkələrinin dövlət strukturlarının və beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcək.
Astanada keçiriləcək forumun Caspian European Club-un ümumi iclası formatında, hər il keçirilməsi planlaşdırılır.
Proqramda iştirakçıların coffee-break və işgüzar nahar zamanı iş və ünsiyyət qurmaq üçün əlavə imkanlar nəzərdə tutulub. Axşam isə təntənəli ziyafət çərçivəsində "Caspian Energy Award Astana – 2015" mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək. Görüşün sonunda 2015-ci ilin oktyabrında Astana şəhərində keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum - 2015-ə hazırlıqla məşğul olacaq təşkilat komitəsinin yaradılması barədə qərar qəbul edilib.
Sonda Qazaxıstan Respublikasının Energetika Naziri Vladimir Şkolnikə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB