Neft Emalı Zavodu Londonda mükafatlandırılıb

Neft Emalı Zavodu Londonda mükafatlandırılıb

"Thomson Reuters" nəşrlərinə məxsus olan "Project Finance International" (PFI) jurnalı dünyanın nəhəng şirkətlərinin maliyyə layihələrini mükafatlandırılıb. SİA-nın məlumatına görə, SOCAR-ın STAR Neft Emalı Zavodu investisiya layihəsi "Neft emalı zavodunun maliyyələşdirilməsinə dair ilin ən yaxşı anlaşması" mükafatına layiq görülüb. 28 ildir beynəlxalq maliyyə sahəsinin nüfuzlu nəşrlərindən sayılan PFI jurnalının mükafatları Londonda keçirilən mərasimdə təqdim olunub. Qeyd edilib ki, Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu olan və 3.29 milyard dollar məbləğində sərmayə yatırılan STAR Neft Emalı Zavodunun layihə maliyyələşdirməsinə dair anlaşma kredit həcminə, zəmanət şəklinə və xüsusiyyətlərinə görə Türkiyədə bu günə qədər gerçəkləşdirilmiş ən böyük, çox mənbəli kompleks layihə maliyyələşdirmə əməliyyatıdır. "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz layihənin maliyyələşdirmə paketində 6 ölkədən 7 idxalat kredit quruluşunun, 13 beynəlxalq ticarət bankının, 2 xarici inkişaf bankının və 1 Türkiyə bankının iştirak etdiyini bildirib. Bu, eyni zamanda 2014-cü ildə Avropa-Orta Şərq-Afrika bölgəsində neft və təbii qaz sahəsində gerçəkləşdirilmiş ən böyük layihə maliyyələşdirilməsidir. 2017-ci ilin sonunda istismara verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari əməliyyatlar kəsiri probleminin həllinə minimum 2.5 milyard dollarlıq fayda verəcək. Emal olunacaq illik 10 milyon ton xam neft bu vaxtadək idxal edilən məhsulların istehsalına yönəldiləcək, bununla da əlavə dəyər Türkiyə daxilində qalaraq xalqın rifahına və ölkənin tərəqqisinə töhfə verəcək.

STAR Neft Emalı Zavodunun ümumi dəyərinin 5.7 milyard dollara çatacağını qeyd edən Kənan Yavuz bildirib ki, bu məbləğin 3.29 milyard dollarını layihə maliyyələşdirmə krediti ilə, qalan hissəsini isə öz qaynaqlarımızla gerçəkləşdirəcəyik. Bu, həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Qeyd edək ki, layihə bu il Global Financial Conferences təşkilatı tərəfındən "İlin ən yaxşı istiqraz və kredit əməliyyatları" (Bond &Loans; Award) mükafatlarının Türkiyəyə aid qismində namizəd göstərildiyi 4 kateqoriyanın 3-ündə mükafat qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə