Araz Aslanlı: “Səudiyyə Ərəbistanı gizlindən dünya bazarlarına neft çıxarır” Açıqlama

Araz Aslanlı: “Səudiyyə Ərəbistanı gizlindən dünya bazarlarına neft çıxarır” Açıqlama

"İrana sanksiyalar tətbiq olunmağa başlananda iddia edirdilər ki, neftlə bağlı ciddi sanskiya tətbiq ediləcək. Bu vaxt iddia edilirdi ki, neftin qiyməti 150 dolları keçəcək, hətta 200 dollara qədər artacaq". Bu sözləri SİA-ya açıqlama verən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.

O bildirib ki, neftin qiymətinin artıb azalmasında Ərəb dövlətləri böyük rol oynayır: "İrana sanksiya tətbiq olunmasına baxmayaraq neftin qiymətində yüksəlmə olmayanda İran iddia etməyə başladı ki, Səudiyyə Ərəbistanı gizlindən dünya bazarlarına neft çıxarır və bu OPEK-in müəyyənləşdirdiyi kvotadan da artıqdır. Bu vaxt yüksəlmə tendensiyasında geriləmə müşahidə olunurdu. Son dövrlərdə Rusiya ilə bağlı məsələlərdə İranın da zərər görəcəyi proqnozlaşdırılırdı. Bu prosesdə müəyyənləşdirici rolu Səudiyyə Ərəbistanı və Ərəb dövlətləri oynayır. Onlar əvvəlcədən də demişdilər ki, neftin qiyməti düşsə də onlar neftin hasilatını azaltmayacaqlar. Ərəb ölkələri fikrini dəyişmədiyi müddətdə neftin qiymətinin aşağı düşməsi gözləniləndir. Son vaxtlar hətta belə bir fikir ortaya qoyulub ki, İran sata bilmədiyi neftin digər yollarla dünyadakı hazırki qiymətdən daha aşağı qiymətə neft satır. Bu da neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biridir. Beynəlxalq bazarda müəyyən edilmiş qiymət var, İran əvvəllər həmin qiymətdən 1,5 faiz ucuz satırdısa, hazırda artıq 3,5 faiz daha az qiymətə neft satır. Ona görə, də bu tendensiya davam etdiyi bir müddətdə neftin qiymətində düşmə davam edə bilər".

Ekspert qeyd edir ki, neftin ucuzlaşması Amerika və Qərb üçün ikiləm yaradıb. Belə ki, neft ucuzlaşarsa Çin qazanacaq, Rusiya itirəcək. Əksinə olduğu təqdirdə isə Rusiya qazanacaq. Hər iki halda Qərbin rəqibləri qazanmış olacaq: "İkinci bir məsələ isə Avropa və Amerika üçün qlobal siyasətdə hansı ölkə daha əhəmiyyətli rəqibdir, Rusiya yoxsa Çin. Çin neftin qiymətinin düşməsi ilə xeyli miqdarda faydalanan dövlətdir, Rusiya isə zərər görən dövlətdir. Qərb üçün burada bir ikiləm yaranıb. Neftin qiyməti düşərkən bir yandan rəqiblərindən biri uduzur, o biri rəqibləri isə qazanır. Bu həlledici olacaq. Rusiyanın qərb dövlətlərinə münasibətində xüsusən Ukrayna və Qafqazla bağlı siyasətində yumşalıb yumşalmayacağı da önəm daşıyır. Rusiya yumşalmasa onlar bu ölkəyə qarşı aqressivliyi davam etdirəcəklər. Neftin qiyməti bu halda aşağı düşməyə davam edəcək. Rusiya konkret addımlar atarsa yeni layihələrin başlanmağına da şahid olacayıq. Neftin qiymətinin düşməsi ilə sadəcə itirən Rusiya olmur, burada Ərəb dövlətləri də zərər görürlər. Amma Ərəb dövlətləri Qərbin Rusiyaya qarşı siyasətinin bir hissəsi olmağa məcburdurlar. Rusiya yumşalmağa doğru gedərsə biz hər iki prosesin şahidi olacayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə