SOCAR-da idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, SOCAR-ın vitse prezidentləri David Məmmədov, Xalik Məmmədov, Hüquq idarəsinin rəisi Eldar Orucov, İnsan resursları departamentinin rəisi Asif Bəkirli və QHT və KİV nümayəndələri iştirak ediblər. Şirkətin emal üzrə vitse – prezidenti David Məmmədov, iqtisadi məsələlər üzrə vitse – prezidenti Süleyman Qasımov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse- prezident Xaliq Məmmədov, Hüquq İdarəsinin rəisi Eldar Orucov və müvafiq struktur bölmələrinin rəhbərləri SOCAR-da həyata keçirilən islahatlar haqqında iştirakçılara məlumat verib.
Tədbirdə qeyd olunub ki, ARDNŞ-ın ölkənin milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi aparıcı neft şirkətləri sırasına çıxması məqsədilə apardığı ardıcıl islahatlar yeni iş yerlərinin açılması, istehsal sahələrinin yaradılması, eləcə də az səmərəli, əhəmiyyətsiz və təkrarlanan biznes proseslərinin aradan qaldırılması zərurətindən irəli gəlir.
SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində aparılan tədbirlər isə hazırda davam etdirilir. Şirkətin neft emalı kompleksinə daxil olan iki zavodun yerinə yetirdiyi biznes prosesinin vahid bir idarəçilik çərçivəsində aparılmasının daha məqsədyönlü olması nəzərə alınaraq, şirkətin 24 dekabr 2014-cü il tarixli əmri ilə "Azərneftyağ" neft emalı zavodunun 1 yanvar 2015-ci ildən etibarən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. Sərbəstləşən işçilər şirkətin idarə və müəssisələrində iş yerləri ilə təmin edilir və ya müxtəlif proqramlar üzrə onlara müavinətlər ödənilir. Bu günədək aparılmış islahatlar zamanı xeyli sayda sərbəstləşmiş işçi həmin tədbirlərdən yararlanıb. Konfransda bildirilib ki, islahatlar yalnız istehsalatın səmərəliliyinin artırılmasına xidmət edir və ixtisar məqsədi ilə aparılmır. Eyni zamanda "Azərneftyağ" neft emalı zavodunun faliyyətinə xitam veriməsi ilə bağlı hər hansı bir şəxsin sərbəstləşəcəyi halda yuxarıda qeyd olunan proqramlardan istifadə etmək hüquqları məhdudlaşdırılmayacaq. Sonda SOCAR nümayəndələri iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB