Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə "Ərzaq təhlükəsizliyi: Sizin biznes üçün sabit artım" adlı konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans çərçivəsində ərzaq təhlükəsizliyində, kənd təsərrüfatı məhsullarında və heyvandarlıqda mövcud olan problemlər və onların həlli üçün nəzərdə tutulan planlar müzakirə olunub.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev çıxışı zamanı ərzaq təhlükəsizliyinin dövlətin prioritet hesab etdiyi məsələlərdən olduğunu diqqətə çatdırıb. O bildirib ki, hazırda dünyanın bir sıra ölkələrində ərzaq məhsullarının bahalaşması, ərzaq qıtlığının hökm sürməsinə baxmayaraq ölkəmizin əlvərişli coğrafi mövqeyi, iqlim şəraiti və ölkə Prezidentinin apardığı uğurlu siyasət Azərbaycanın məhsul təminatını qarantı altına alıb və bu dövlət proqramlarında da öz əksini tapır.
Dünya Bankının Azərbaycan nümayəndəliyinin Baş Əməliyyatlar əməkdaşı Rüfiz Vahid Çiraq-zadə təmsil etdiyi bankın aqrar rəqabətin inkişafı üçün həyata keçirdiyi layihədən bəhs edib. O vurğulayıb ki, sahibkarlara seçilmiş banklar tərəfindən bu sahədə olan çətinliklərin həlli üçün uzunmüddətli kreditlər veriləcək. Bu kreditlər isə işçi kapitalı üçün deyil, investisiya məqsədləri üçün nəzərdə tutulacaq.
Dünya bankının əməkdaşı qeyd edib ki, hazırda iqtisadi təhlili aparılan bu layihədən 18-21% iqtisadi fayda gözlənilir.
Konfransda həmçinin, yerli bazarlar üçün qlobal həllər, Azərbaycanda ərzaq təhlükəsizliyi problemləri və onların həlli yolları, ərzaq təhülkəsizliyi ilə bağlı beynəlxalq standartlar-Azərbaycan təcrübəsi, restoran və mətbəx biznesində ərzaq təhlükəsizliyi, istehlak tələbatı və ərzaq təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB