Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaları saxlamaq niyyətindədir

Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaları saxlamaq niyyətindədir

"Böyük 20-liyin bu dəfəki sammiti əvvəlki dövrlərlə müqayisədə fərqli müstəvidə keçirilir. Hazırda qərblə Rusiya arasında qarşıdurma var, həmçinin Rusiya özü də bu 20-liyə daxildir. Təbii ki, bunlar da Böyük 20-liyin fəaliyyətinə və qəbul etdiyi qərarlara təsir edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu sammit daha çox qərblə Rusiya münasibətlərinin müzakirə edilməsi və bu münasibətlərdəki gərginliyin yeni müstəviyə daxil olması ilə yadda qalacaq: "Böyük 20-liyin qlobal məsələləri müzakirə etməsi, o cümlədən qlobal iqtisadi inkişafla bağlı qərarlar qəbul etməsi müsbət hal kimi dəyərləndirilir. Bu ona imkan verir ki, dünyanın aparıcı ölkələri dünya iqtisadiyyatında baş verən məsələləri müzakirə edə bilsinlər. Ancaq razılaşmaq lazımdır ki, Böyük 20-liyin müzakirə etdiyi, qəbul etdiyi qərarlar hələlik real işləmə imkanına malik deyil. Bu 20-liyə daxil olan ölkələr bəzi məsələlərlə bağlı razılıq əldə edə bilmirlər. Ona görə də güman olunur ki, son sammitdə daha çox Rusiya və qərb münasibətlərinin müzakirə edilməsinə və növbəti mərhələdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə çalışılacaq. Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaları saxlamaq niyyətindədir. Rusiyaya sanksiyaların tətbiqinin davam etdirilməsi və bu sammitdə həmin sanksiyaların sərtləşdirilməsi onu göstərir ki, növbəti illərdə də qlobal iqtisadiyyatda ikitərəflilik davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə