Bakıda metrologiya sahəsində görülən işlər müzakirə olunub FOTO

Bakıda metrologiya sahəsində görülən işlər müzakirə olunub FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə bu gün "KOOMET" Regional Metrologiya Təşkilatının (Avro-Asiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) TK1.11 "Vaxt və tezlik" Texniki Komitəsinin 9-cu iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Dövlət Metrologiya Xidməti əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun, Belarus, Türkiyə və Rusiyanın metrologiya təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov Azərbaycanda metrologiya sahəsində görülən işlər və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) əməkdaşı Dr. Ramiz Hamid təqdimatla çıxış edərək vaxt və tezlik sahəsi üzrə EUROMET və TÜBİTAK UME-də hal hazırda aparılan işlər barədə iclas iştirakçılarına geniş məlumat verib.

Tədbirdə həmçinin, "KOOMET"-in TK 1.11 "Vaxt və tezlik" Texniki komitəsinin sədri prof. Vitaliy Palçikov və digər ölkələrin nümayəndələri müvafiq mövzular üzrə təqdimatlarla çıxış edib və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda KOOMET TK 1.11 "Vaxt və tezlik" üzrə Texniki Komitəsinin iştirakçıları Komitənin Milli Etalon Mərkəzinə gələrək laboratoriyalarla tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə