Qeyri-dövlət pensiya fondları nə vaxt yaradılacaq? Açıqlama

"Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması Prezident İIham Əliyev tərəfindən təsdiq olunmuş "Sığorta pensiya sisteminin inkişafı proqramı"nın əsas müddəasıdır. Proqramla müəyyən edilmiş qrafikə uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu bu sahədə tədbirləri davam etdirir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində beynəlxalq təcrübənin dərindən öyrənilməsi prosesi başa çatdırılıb: "Avropa Birliyi ilə olan ortaq layihəyə artıq start verilib. Layihə çərçivəsində hazırda Avropa Birliyinin ayırdığı qrant hesabına qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının hazırlanması istiqamətində işlər davam etdirilir. Hazırlanacaq qanunvericilik layihəsi ilk növbədə qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimlənməsi üçün fərdi hesabların həmin fondlarda açılması, vətəndaşların könüllü sığortalanma

əsasında ödəyəcəyi sosial sığorta haqlarının qeyri dövlət pensiya fondlarında açılmış fərdi hesablarda uçotu, həmin vəsaitlərin maliyyə bazarında yerləşdirilməsi, eləcə də yerləşdirilməsi üzərində dövlət nəzarətinin tənzimlənməsi mexanizmini özündə ifadə edəcək".

E. Mehdiyev onu da qeyd edib ki, hazırlanacaq qanunvericilik layihəsinin mühüm tərkib hissəsi qeyri-dövlət pensiya fondlarının vəsaitləri hesabına qeyri-dövlət pensiyalarının hesablanması qaydalarına aid olacaq: "Layihənin 2015-ci ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur. Hesab edirəm ki, layihə çərçivəsində hazırlanacaq Avropa standartlarına cavab verən qanunvericilik sənədləri növbəti mərhələdə Azərbaycanda qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün qanunvericilik əsaslarını yaratmış olacaq. Təcrübələrimizə əsasən bu istiqamətdə fondlar bir neçə formada yaradılır. Ən korporativi isə əsaslı, cəmiyyətə açıq və qapalı, fərdi pensiya planları ilə fəaliyyət göstərən fondların yaradılmasını beynəlxalq təcrübədə müşahidə edirik. Yeni layihədə bütün fəaliyyət növləri üzrə alternativ imkanları nəzərə almaq istəyirik".

Fondun sədri həmçinin əlavə edib ki, layihənin ölkədə tətbiqi qanunvericiliyin hazırlanmasından sonra mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə