ARDNŞ Rumıniyada keçirilən sammitdə FOTOLAR

ARDNŞ Rumıniyada keçirilən sammitdə FOTOLAR

Rumıniyanın nüfuzlu "Business Review" ("Biznes icmalı") jurnalının təşkilatçılığı ilə Buxarestdə "Xarici Sərmayəçilər (İnvestorlar) Sammiti" öz işinə başlayıb. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, sammitdə Rumıniyada fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, Rumıniyada akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri, investorlar, enerji, neft-qaz sahəsində çalışan mütəxəssis və ekspertlər, Rumıniyanın dövlət və hökumət nümayəndələri, eləcə də ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin təmsilçiləri iştirak edirlər.

Sammitin ilk günündə nümayəndəliyin rəhbəri Həmzə Kərimov çıxış edərək tədbir iştirakçılarına Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu il sentyabrın 20-də, "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümündə Avropanın enerji xəritəsini dəyişəcək və XXI əsrin müqaviləsi adlandırılan "Cənub Qaz Dəhlizi"nin təməli qoyulmuş, bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu bir daha sübut edib.

ARDNŞ-in fəaliyyətinə geniş yer ayıran H. Kərimov bildirib ki, şirkət artıq dünyada tanınan brend kimi enerji sahəsində aparıcı oyunçuya və söz sahibinə çevrilib, bir çox ölkələrdə, o cümlədən Rumıniyada iri layihələrə imza atıb. Onun sözlərinə görə, ARDNŞ hazırda Rumıniyaya investisiya yatıran 10 ən böyük şirkət arasındadır: "Rumıniyanın 13 dairəsində SOCAR brendi altında 30 yanacaqdoldurma məntəqəsi müştərilərə yüksək səviyyədə xidmət göstərir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də bu sahədə Rumıniya bazarının 10%-nə sahib olmaqdır". H. Kərimov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə