Ağstafada sahibkarlara 765 min manat güzəştli kreditlər verilib

Ağstafada sahibkarlara 765 min manat güzəştli kreditlər verilib

Oktyabrın 14-də Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. İclasda doqquz ayda rayonun sosial-iqtisadi inkişafının yekunlarından bəhs edən hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, cari ilin doqquz ayında Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 75,3 milyon manat olub. Kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz, sənaye məhsullarının həcmi 4,9 faiz, nəqliyyat xidmətində 6,5 faiz, rabitə xidmətində 3,8 faiz, ticarətdə 15,3 faiz artım əldə edilib. Əsas kapitala yönəldilən investisiyaların həcmi 10,7 milyon manat təşkil edib.

Bildirilib ki, rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə əhaliyə 17,1 milyon manat, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 69 layihə üzrə 765 min manat güzəştli kreditlər verilib. Cari ilin ötən dövründə əhalinin banklardakı əmanətlərinin qalığı 909,2 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95,4 faiz çoxdur.

Yığıncaqda vurğulanıb ki, yol infrastrukturunun yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, bu sahədə bəzi problemlər mövcuddur. Cari ildə Vurğun-Köçəsgər-Qırılı, Vurğun-Köhnəqışlaq, Ağstafa-Aşağı Kəsəmən, Zəlimxan, Köçvəlili-Qarayazı-H.Aslanov avtomobil yollarının əsaslı təmiri, Ağstafaçayın üzərindəki qəzalı körpünün, avtomobil yollarının Kür çayı və Acı dərə üzərindən keçən hissələrində körpülərin, Ağstafa şəhərindəki yol ötürücünün tikintisi, Köhnəqışlaq kəndində Həsənsu çayının üzərindəki körpünün əsaslı surətdə yenidən qurulması üçün tədbirlər görülməlidir.

Diqqətə çatdırılıb ki, artıq qeyd olunan problemlərin həlli məqsədi ilə aidiyyəti orqanlar qarşısında məsələ qaldırılıb.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində görülən işlərdən də ətraflı söhbət açılıb. Bildirilib ki, ümumi məhsul buraxılışının tərkibində kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi 48,8 faiz təşkil edir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin ildən-ilə artması hesabına aqrar sektorda ciddi artıma nail olunub. Rayonda ənənəvi təsərrüfat sahəsi olan taxılçılıqla yanaşı, üzümçülüyün və yemçiliyin inkişaf etdirilməsinə də xüsusi önəm verilir. Hesabat dövründə əsas heyvandarlıq məhsulları istehsalının artması rayon sakinlərinin ərzaq məhsulları ilə etibarlı təminatına imkan yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə