DSMF sədri: "Bazada 1 milyon 285 min pensiyaçı haqqında məlumat toplanılıb" Açıqlama
"2014-cü ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də "elektron hökumət portalı" (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb". SİA-nın xəbərinə görə, bunu DSMF-nin sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
E.Mehdiyev Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sisteminin mövcud olduğunu və DSMF tərəfindən göstərilən elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb: "Fondun mərkəzi məlumat bazasında 1 milyon 285 min nəfər pensiyaçı və 2 milyon 886 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 43 faizindən çoxunu təşkil edir".
Hazırda sığortaedənlər tərəfindən DSMF orqanlarına cari ilin 3-cü rübü üçün hesabatların təqdim olunmasının davam etdiyini vurğulayan Fond sədri bildirib ki, bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir: "Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılan "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edə bilərlər.
DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq, bu ilin 22-23 oktyabr tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb. Tədbirdə Assosiasiyaya üzv olan xarici ölkələrin sığorta-pensiya qurumlarının rəhbər vəzifəli şəxslərinin, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB