Prezident İlham Əliyev Sammitdə iştirak edir

Prezident İlham Əliyev Sammitdə iştirak edir

Sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti işə başlayıb.
SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, İran Prezidenti Həsən Ruhanini, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi və Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovu qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Həştərxan Sammitində Xəzər hövzəsinin müasir hüquqi statusunun formalaşdırılması məsələləri, dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi və ümumi çağırışlara qarşı birgə fəaliyyət, Xəzərin nadir təbii mühitinin və bioloji resurslarının qorunması, aktual regional və beynəlxalq məsələlər müzakirə ediləcək. Dövlət başçıları bundan əvvəl keçirilən sammitlərdə qəbul edilən qərarların yerinə yetirilməsinin yekunlarına nəzər salacaq, Xəzəryanı ölkələr arasında əlaqələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcəklər.
Xəzəryanı ölkələrin dövlət başçılarının birinci sammiti 2002-ci ildə Aşqabadda, ikincisi 2007-ci ildə Tehranda, üçüncüsü isə 2010-cu ildə Bakıda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə