QKDK KİV nümayəndələri üçün seminar təşkil edir ELAN

QKDK KİV nümayəndələri üçün seminar təşkil edir ELAN

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi "Azərbaycan Kapital Bazarının Prinsipləri və Alətləri" mövzusunda oktyabrın 11-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün seminar təşkil edir. QKDK-dan SİA-ya verilən xəbərə görə, seminar Prezidentin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində qiymətli kağızların bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilir.

Seminarın məqsədi KİV nümayəndələrini kapital bazarı alətlərinin istifadə prinsipləri ilə yaxından tanış etmək, Azərbaycan kapital bazarının xüsusiyyətləri barədə baza bilikləri formalaşdırmaq, həmçinin qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti barəsində ətraflı məlumat verməkdir.

"Azərbaycanda kapital bazarı institutları və iştirakçıları", "Kapital bazarları və alətləri", "Kapital bazarları üzərində nəzarət" mövzularının əhatə edəcək seminarın sonunda fəal iştirakı və yüksək maliyyə savadı ilə fərqlənən KİV nümayəndələrinə sertifikat təqdim olunacaq.

Seminarda iştirak etmək istəyən KİV nümayəndələri oktyabrın 3-dək [email protected] ünvanına qeydiyyatdan keçmək üçün məlumat (adi, soyadı, təmsil etdiyi orqan, əlaqə nömrələri) göndərməlidir.

Qeyd edək ki, seminar ödənişsiz təşkil olunur.

Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

(+994 12) 598-25-59

(+994 12) 493-50-58 (284)

Bütün xəbərlər Facebook səhifəmizdə