Vüqar Bayramov: “Rusiyaya mavi qaz nəqlinin dayandırılması Ukrayna münaqişəsi ilə bağlı deyil” AÇIQLAMA

Vüqar Bayramov: “Rusiyaya mavi qaz nəqlinin dayandırılması Ukrayna münaqişəsi ilə bağlı deyil” AÇIQLAMA

"Azərbaycanın Rusiyaya mavi qaz nəqlini dayandırması siyasi səbəblərlə bağlı deyil". Bunu SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov söyləyib.

İqtisadçı bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiya arasında qaz anlaşmasına müvafiq olaraq Rusiyaya mavi qazın verilməsində zaman-zaman fasilələr olurdu: "Rusiya birinci mərhələdə daha böyük həcmdə mavi qaz almağı planlaşdırırdı. Lakin ilk mərhələdə cəmi illik olaraq 1 milyon kubmetr mavi qazın nəqlinə başlayır. Daha sonra həmin vəsaitin iki milyarda, sonrakı mərhələlərdə isə 3 milyarda çatdırılması nəzərdə tutulurdu. Amma sonradan anlaşmanın şərtləri və eləcə də, Rusiya tərəfinin mavi qazla olan sənədləri dəyişdirildi. Xüsusilə diqqətinizə çatdırım ki, ADNŞ birmənalı şəkildə mavi qazın nəqlini siyasiləşdirmir.

Azərbaycan tərəfi Rusiyaya qaz nəqlini iqtisadi anlaşmaya əsasən həyata keçirir. Bu səbəbdən mavi qazın nəqlinin dayandırılması heç bir halda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı deyil. Sadəcə Rusiyanın mavi qaza olan tələbatının dəyişməsi ilə əlaqəlidir. Nəzərə alsaq ki, Rusiyanın mavi qaza olan tələbatında müəyyən dəyişikliklər baş verir,bu dəyişikliklərə uyğun olaraq qonşu ölkələrdən mavi qazın alışını həyata keçirir. Rəsmi məlumatlarda da göstərilir ki, Rusiyaya mavi qazın nəqlinin dayandırılması, məhz Rusiya-Azərbaycan sərhədində avtomobil yolunun inşası ilə bağlıdır. Bu səbəbdən mavi qazın nəqlində müəyyən çətinliklər olur. Azərbaycan gün ərzində Rusiyaya 2 milyon kubmetr mavi qaz nəql edirdi. Yəni Rusiya-Azərbaycan arasında mavi qaz ticarəti və dövriyyəsi heç də böyük hesab olunmurdu. Çünki Azərbaycan öz mavi qazını daha çox digər istiqamətlərə nəql edir. Onu da deyim ki, ARDNŞ, yol təmiri həyata keçirildikdən sonra Rusiyaya mavi qazın nəqlini yenidən bərpa edə bilər. Ancaq bu tarix hələlik bəlli deyil. Sonda onu da əlavə edim ki, Azərbaycan yalnız iqtisadi münasibətlərə əsaslanaraq qonşu ölkələrlə öz xarici ticarət dövriyyəsini qurur".

Bütün xəbərlər Facebook səhifəmizdə