Musa Quliyev: “Ölkəmizin iştirakı olmadan Qafqazda heç bir böyük layihə həyata keçirilmir” AÇIQLAMA

Musa Quliyev: “Ölkəmizin iştirakı olmadan Qafqazda heç bir böyük layihə həyata keçirilmir” AÇIQLAMA

"Azərbaycan dövlətinin tarixçiliyinin ən uğurlu iqtisadi, siyasi və hüquqi addımlardan biri "Əsrin müqaviləsi"dir. Bu addım, tam vaxtında böyük siyasi uzaqgörənlik, cəsarət və liderlik keyfiyyətini ortaya qoyaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilib. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, həmin dövrdə "Əsrin müqaviləsi"nin reallaşması inanılmaz hadisə idi: "Bu müqavilənin həyata keçirilməsinə çoxları inanmırdılar. Ölkəmizə istər beynəlxalq səviyyədə, istərsə də ölkə daxili təzyiqlər də olunurdu. Çünki bu müqavilə Azərbaycanın təkcə müstəqilliyinin təminatçısı olmadı, "Əsrin müqaviləsi" Avropanın və Qərbin enerji siyasətini dəyişdi. Məhz bu müqavilənin bağlanması və sonrakı müqavilələrin həyata keçirilməsi proseslərindəki müxtəlif təxribatlar, Azərbaycanda 2 dəfə dövlət çevrilişi cəhdinin, Gürcüstanda müəyyən qüvvələrin bu işə mane olması və müxtəlif ölkələrin burada gələcəkdə iqtisadi və siyasi maraqlarını təmin etmək üçün mübarizəsindən Ümummilli Lider Heydər Əliyev və Azərbaycan xalqı qalib çıxdı. Bu müqavilədən sonra Avropanın enerji xəritəsi dəyişdi. Eyni zamanda Qafqaz dünyanın bir çox biznes strukturlarının maraq dairəsində oldu. Bununla da, Qafqaz geopolitik mübarizə meydanına çevrildi. Həmçinin Qarabağ cəbhəsində ciddi dönüşə və Qarabağ probleminin sülh yolu ilə həllində çox böyük stimul, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında ölkəmizin üzləşdiyi informasiya blokadasının yarılmasında mühüm əhəmiyyətə malik oldu. Şübhəsiz ki, bu müqavilənin Azərbaycan iqtisadiyyatının təməl daşlarından biri olduğunu cəsarətlə söyləyə bilərik. "Əsrin müqaviləsi"nin fəaliyyətindən sonra Azərbaycanın çox sürətli inkişafı başladı və ölkəmizin iqtisadi potensialının əsası məhz bu müqavilə ilə bağlıdır. "Əsrin müqaviləsi"nin geopolitik, siyasi və tarixi əhəmiyyəti ilə yanaşı, Azərbaycan dövlətçiliyinin inkişafında böyük rolu oldu. Həmçinin dövlət müstəqilliyinə zərər vurmaq istəyən qüvvələrin də qarşısı alındı. Eyni zamanda Qafqazda toqquşan bir sıra güc mərkəzlərinin və maraq dairələrinin də harmonik müstəviyə gətirilməsinə nail olundu. Bu siyasətin uğurla davam etməsi Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi. Artıq ölkəmizin iştirakı olmadan demək olar ki, Qafqazda heç bir böyük layihə həyata keçirilmir və planlaşdırılmır. Bu müqavilənin inkişafı ilə yeni layihələr olan "TANAP", "TAP", "Nabuko"nun davamı ortaya çıxdı. Bu müqavilə Ulu Öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir və xalqımızın uğurları da "Əsrin müqaviləsi" ilə başladı. Cənab Prezident İlham Əliyevin də bu siyasəti müvəffəqiyyətlə davam etdirməsi Azərbaycanın gücünü daha da artırır və ölkəmizi enerji mərkəzlərindən birinə çevirir. "Əsrin müqaviləsi" başqa müqavilələrin də əsaslarını qoydu. İkitərəfli və çoxtərəfli enerji müqavilələri imzalandı. Bu gün də Avropanın enerji təhlükəsizliyinin çox mühüm tərkib hissəsi, məhz "Əsrin müqaviləsi" ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə