"Rabitə və Yüksək Texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" konfrans

Azərbaycan-Amerika Ticarət Palatası (AmCham) bu gün növbəti dəfə ənənəvi İKT konfransı təşkil edib. SİA-nın xəbərinə görə, "Rabitə və Yüksək Texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" adlı konfransı açıq elan edən AmCham-ın icraçı direktor vəzifəsini müvəqqəti icra edən Fərid İsmayılzadə bildirib ki, əsas məqsəd Azərbaycan Hökumətinin Yüksək texnologiyalar sahəsində həyata keçirdiyi işlərə töhfə vermək, habelə özəl sektorla hökumət nümayəndələri arasında qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsidir.

O həmçinin qeyd edib ki, konfrans "Rabitə, Yüksək Texnologiyalar və E-hökumətin ölkənin inkişafında rolu", "Yüksək Texnologiyalarda Azərbaycanın İnsan Resurslarının potensialı", "Azərbaycanda Yüksək Texnologiyaya dair məhsulların stimullaşdırılması" , "Azərbaycanda yüksək texnologiya və maliyyə qrupları arasında imkanlar və dilemmalar" mövzularında 4 sessiyadan ibarət olacaq.

Daha sonra çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, konfrans interaktiv Davos formatında keçirməklə tədbir iştirakçılarına dəvət olunan sektor liderləri tərəfindən ən yeni İKT trendləri ilə tanış olmaq və əsas tərəfdaşlarla müzakirələr aparmaq imkanı yaradacaq.

Xatırladaq ki, builki konfransda Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərinin, Mərkəzi Bankın, habelə özəl sektorun nümayəndələri yüksək texnologiyalar sahəsinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. İştirakçılar bu sahə üzrə digər ölkələrin uğurlu təcrübələri və ölkəmizdə həyata keçirilən işlərlə bağlı təqdimatla çıxışlar edəcəklər.

Qeyd edək ki, "AmCham" Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış qurum 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...