Bakıda növbəti dəfə ənənəvi İKT konfransı keçiriləcək

Azərbaycan Hökumətinin Yüksək texnologiyalar sahəsində həyata keçirdiyi işlərə töhfə vermək, habelə özəl sektorla hökumət nümayəndələri arasında qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsi məqsədi ilə Azərbaycan-Amerika Ticarət Palatası (AmCham) sentyabrın 3-də "JW Marriott Hotel"də növbəti dəfə ənənəvi İKT konfransı təşkil edəcək. SİA-nın xəbərinə görə, builki konfransda Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərinin, Mərkəzi Bankın, habelə özəl sektorun nümayəndələri yüksək texnologiyalar sahəsinin gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

İştirakçılar bu sahə üzrə digər ölkələrin uğurlu təcrübələri və ölkəmizdə həyata keçirilən işlərlə bağlı təqdimatla çıxışlar edəcəklər. Azərbaycan-Amerika Ticarət Palatası sözügedən konfransı interaktiv Davos formatında keçirməklə tədbir iştirakçılarına dəvət olunan sektor liderləri tərəfindən ən yeni İKT trendləri ilə tanış olmaq və əsas tərəfdaşlarla müzakirələr aparmaq imkanı yaradacaq.

Konfrans "Rabitə, Yüksək Texnologiyalar və E-hökumətin ölkənin inkişafında rolu", "Yüksək Texnologiyalarda Azərbaycanın İnsan Resurslarının potensialı", "Azərbaycanda Yüksək Texnologiyaya dair məhsulların stimullaşdırılması" , "Azərbaycanda yüksək texnologiya və maliyyə qrupları arasında imkanlar və dilemmalar" mövzularında 4 sessiyadan ibarət olacaq.

Qeyd edək ki, "AmCham" Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış qurum 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə