Ziya Bünyadov prospektində 2-ci tunel tipli yolötürücü tikilir

"2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir". Bunu SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510 m, qapalı hissəsi 53,4 m, eni isə 34,2 m təşkil edəcək: "6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65 faizi başa çatdırılıb. Hazırda döşəmə hissəsində armaturlanma işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılacaq".

P. Mürsəliyev həmçinin qeyd edib ki, tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...