Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində şuranın geniş iclasında ətraflı müzakirə olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, rayonun sosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev iyulun 16-da yeni sənaye müəssisəsinin - Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, 6 hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb, gələcəkdə burada daha 4 min panelin quraşdırılması nəzərdə tutulub və bu panellər gündə 12 min kilovatsaat elektrik enerjisi istehsal etmək iqtidarındadır.
"Sənaye ili" çərçivəsində, eyni zamanda, Qaraçuxur qəsəbəsində transformator zavodunun yeni korpusunun tikintisi, Bülbülə qəsəbəsində isə "Bakı Toxuculuq" ASC-də yenidənqurma işləri davam etdirilib.
İclasda məlumat verilib ki, bu ilin 6 ayında rayonda sənaye məhsulunun istehsalı 215,2 milyon, tikinti işləri 73,5 milyon, nəqliyyat xidmətləri 9,4 milyon, əsas kapitala yönəldilən investisiyalar 34,7 milyon manat olub. Orta aylıq əmək haqqı 576 manat, pərakəndə ticarət dövriyyəsi 4,7 faiz artaraq 136,8 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21,7 faiz artaraq 116,0 milyon manat təşkil edib, 1858 yeni iş yeri açılıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin "Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 12 fevral tarixli Sərəncamının Suraxanı rayonunda icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq Abbasqulu Ağa Bakıxanov adına parkda geniş abadlıq işləri həyata keçirilib, burada qəsəbə sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılıb, parkda görkəmli mütəfəkkirin büstü qoyulub.
İclasda Milli Məclisin deputatı Sevinc Fətəliyeva və başqaları çıxış edərək hesabat dövründə rayonda görülmüş işləri yüksək qiymətləndiriblər.
Bildirilib ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin Suraxanı rayonunda icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB