Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Türkiyənin İzmir vilayətinin Əliağa bölgəsində səfərdə olublar. ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Dövlət Neft Şirkətinin idarəçiliyində olan "Petkim" neft-kimya şirkətinin müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olublar. Azərbaycanın dövlət nümayəndələrinə "Petkim"in fəaliyyəti, istehsalat göstəriciləri və son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilib. Qonaqlar şirkətin Plastik Qablaşdırma Fabrikinin açılışında iştirak ediblər.
Sonra Azərbaycanın nümayəndə heyəti "Petkim"in ərazisində inşa olunan konteyner limanında görülən işlərin gedişi ilə tanış olublar. Məlumat verilib ki, bu obyekt yaxın illərdə Türkiyənin ən böyük konteyner limanı olacaq.
Rövnəq Abdullayev və Şahin Mustafayev "STAR" neft emalı zavodunun inşa edildiyi əraziyə də baş çəkiblər. Qonaqlara məlumat verilib ki, təməli 2011-ci ildə Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan "STAR" zavodunun tikintisi Türkiyədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir. İllik emal gücü 10 milyon ton nəzərdə tutulan bu zavod "Petkim"i xammal ilə təchiz edəcək, məhsullarının çox hissəsini Türkiyənin daxili bazarında reallaşdıracaq, bir hissəsini isə Aralıq dənizi və Cənubi Avropa bazarlarına ixrac edəcəkdir. Zavodda ilk məhsulun 2017-ci ilin sonlarında alınması nəzərdə tutulur. "STAR" zavodu istismara buraxıldıqdan sonra "SOCAR Türkiyə"nin üçüncü ən böyük müəssisəsi, enerji sektorunda isə birinci şirkəti olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB