İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 18-də Dövlət Xidmətinin təşkilatçılığı ilə Xızıda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 100-ə yaxın istehlakçı iştirak edib.
Tədbirdə çıxış edən Xidmətin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb. Bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir.
Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 43 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 5 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində inzibati tədbirlər barədə məlumat verən Araz Əliyev cari ilin ötən altı ayında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 23,1 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB