Aydın Hüseynov: “2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib” RƏY

Aydın Hüseynov: “2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib” RƏY

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət 2014-cü ilin birinci yarısında dinamik inkişafın davam etməsinə səbəb olub və cari ilin 6 ayında ümumi daxili məhsulun (ÜDM) artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz olub. Qeyri-neft sektorunun ÜDM-də payı 56,3 faizə çatıb. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun SİA-ya verdiyi açıqlamaya görə, 2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib.

"Cənab Prezidentin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi birinci yarımillikdə qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir", - deyə iqtisadçı bildirib.

Aydın Hüseynovun sözlərinə görə, cari ilin 6 ayında əhalinin gəlirləri 4,5 faiz artıb, inflyasiya 1,6 faiz təşkil edib: "Bu isə əhalinin gəlirlərinin qiymət artımını 3 dəfə üstələdiyini göstərir. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur. Ölkəmizin strateji valyuta ehtiyatları 54 milyard manatı keçmişdir. İqtisadiyyata böyük həcmdə - 11,5 milyard dollar investisiya qoyulmuşdur. İqtisadçı bildirib ki, iqtisadiyyatda əsas artım qeyri-neft sektorunda istehsal olunaraq 7 faiz təşkil edib.

Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunun tammənada keyfiyyət dəyişikliklərinə məruz qaldığını şərtləndirir. Bu tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin məntiqi nəticəsi olaraq neftdənkənar sahələrin sıçrayışı və bu potensialın umumi inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir".

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini onu da vurğulayıb ki, ölkə iqtisadiyyatı birinci yarımillikdə iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri ilə müşahidə olunub: "Orta aylıq əmək haqqı 7 faiz artaraq 440 manata yüksəlmişdir. Əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır. Hazırda Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə, MDB-də ən yaxşı göstəricilərdən birinə yaxınlaşıb. Bu tendensiya, həmçinin, Azərbaycan hökumətinin iqtisadi artım fonunda sosial dövlət strategiyasının möhkəmlənməsinə yönəlmiş siyasətinin reallaşdığını göstərir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə