İyunun 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində şirkətin idarə və müəssisələrinin kadrlar şöbəsinin rəhbərləri və aparıcı mütəxəssisləri üçün əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydalarına həsr olunmuş seminar keçirilmişdir. ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, seminarı giriş sözü ilə açan şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycanda son illər əmək münasibətlərinin tənzimlənməsi istiqamətində görülən genişmiqyaslı işlərdən söz açmışdır.
O, Prezidentin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Qanunun tətbiqi barədə" 2014-cü il 3 fevral tarixli Fərmanının əhəmiyyətindən bəhs etmişdir. Fərmana uyğun olaraq, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin ARDNŞ-in idarə və müəssisələrində tətbiq edilməsinin zəruriliyi vurğulanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə keçirilən seminarın bu baxımdan faydalı olacağı diqqətə çatdırılmışdır.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları təqdimatlar keçirərək, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasını əyani şəkildə nümayiş etdirmişlər. Yeni yaradılmış elektron informasiya sisteminin ARDNŞ tərəfindən rəğbətlə qarşılanması yüksək qiymətləndirilmiş, bu sistemin qeyri-leqal əmək münasibətlərinin aradan qaldırılmasına zəmin yaradacağı bildirilmişdir.
Qeyd olunmuşdur ki, gücləndirilmiş imza sertifikatlarına malik işəgötürənlər əmək müqaviləsi bildirişlərini "Elektron hökumət" portalından (https://www.e-gov.az) istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edə bilərlər. Gücləndirilmiş elektron imza sertifikatlarının əldə olunması haqda seminar iştirakçılarına məlumat verilmişdir.
Sonda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB