Dünya neft sərgisində nümayiş etdirilən pavilyonumuz maraqla qarşılanıb

Dünya neft sərgisində nümayiş etdirilən pavilyonumuz maraqla qarşılanıb

Bu günlərdə Moskvada Ümumdünya Neft Şurasının neft və qazın kəşfiyyatı, hasilatı, emalı, nəqli, neft-kimya, marketinq və idarəetmə mövzusunda 21-ci Dünya Neft Konqresi və sərgisi keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, sərgidə şirkət öz nailiyyətlərini əks etdirən pavilyonla təmsil olunmuşdur. Tədbir müddətində ARDNŞ-in əməkdaşlarından ibarət nümayəndə heyəti tərəfindən iştirakçılara Azərbaycanın neft-qaz sənayesində əldə etdiyi nailiyyətlər, perspektiv planlar, şirkətin fəaliyyəti, ölkə daxilində və beynəlxalq layihələrdə iştirakı və bu sahədəki mövcud imkanlar barədə ətraflı məlumat verilmişdir.

ARDNŞ-in pavilyonunda nümayiş etdirilən reklam xarakterli materiallar, Azərbaycanda neft-qaz sənayesinin tarixi və müasir inkişaf dövrü haqqında film-çarx və jurnallar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Konqres-sərgi müddətində xarici şirkət nümayəndələri ARDNŞ ilə əməkdaşlıq etmək üçün təkliflərini vermiş, gələcəkdə nəzərdə tutulan belə tədbirlərdə şirkətin pavilyonunu yenidən görmək istədiklərini vurğulamışlar.

Məlumatda bildirilir ki, tədbirdə Rusiyanın neft-qaz regionlarından və dünyanın 80-dək ölkəsindən 32 nazir, 3 mindən artıq nümayəndə heyəti, 600-dən artıq media nümayəndəsi, "bp", "Shell", "OPEK", "Petrobraz", "ExxonMobil", "LUKOil", "Transneft", "Qazprom", "Statoil", "ONGC", "CNPC", "PEMEX", "TPAO", "Honeywell" və digər aparıcı neft-qaz təşkilatlarının və şirkətlərinin çoxsaylı təmsilçiləri iştirak etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə