"Azərbaycan bu sahədə nümunəvi ölkədir”

"Azərbaycan bu sahədə nümunəvi ölkədir”

"Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 170 milyard dollar sərmayə qoyulub". SİA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Bakıda keçirilən ATƏT Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, yoxsulluq səviyyəsinin 5 faizə düşdüyünü deyən ölkə rəhbəri vurğulayıb ki, hökumət Azərbaycan iqtisadiyyatını şaxələndirmək istiqamətində çalışır: "İqtisadiyyatla yanaşı Azərbaycanda təhsil sahəsində də sərmayələr artırılacaq. Təhsil radikalizmə, ekstremizmə, ksenofobiyaya qarşı mübarizə aparmaq sahəsində əhəmiyyətlidir".

Ölkə başçısı çıxışı zamanı ölkəmizin tolerant ölkə olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda etnik, dini ayrı-seçkilik tətbiq olunmur: "Bu gün dünyada təcrid edilmə, ayrı-seçkiliyi görürük. Lakin Azərbaycanda bu kimi hallar mövcüd deyil və deyə bilərik ki, Azərbaycan bu sahədə nümunəvi ölkədir".

Ölkə başçısı çıxışı zamanı həmçinin Azərbaycanın enerji resurslarından da danışıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir: "Azərbaycan Cənub Qaz Dəhlizinin mühüm təşəbbüskarıdır. Trans-Anadolu, Trans-Adriatik, "Şahdəniz" layihələri həyata keçirilməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək. Əslində enerji diplomatiyası, maraqların balansı uğur üçün əsas şərtdir. Şadam ki, tərəfdaşlarımızla belə tarixi layihəni həyata keçirəcəyik".

Çıxışının sonunda ölkə başçısı Prezident İlham Əliyev sessiyanın işinə uğurlar arzu edərək vurğulayıb ki, Azərbaycanda keçirilən sessiyada iştirak edənlərin ölkəmiz haqqında obyektiv məlumatlar əldə edəcəklərinə və ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlarına inanırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə