Beyləqanın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Beyləqanın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdikləri "Su təchizatı və kanalizasiya investisiya proqramı layihə-1" çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. SİA-nın məlumatına görə, layihəyə görə rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcək. Bunun üçün şəhər daxilində 99,5 kilometr su, 88,7 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 6056 "Smart-kart" tipli sayğacın quraşdırılması, istehlakçıların dayanıqlı və keyfiyyətli su təchizatını yaxşılaşdırmaq üçün beş subartezian quyusunun qazılması, 500 kubmetr tutumu olan iki su anbarı, nasosxana, xlorlama binası, laboratoriyanın və məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğunun tikilməsi, magistral su xəttinin çəkilməsi, hazırda istismarda olan iki su anbarı və nasosxananın təmir olunması nəzərdə tutulur.

Artıq Əlinəzərli meşəsində 5 ədəd subartezian quyusu qazılmış, 8547 metr magistral su xətti, layihədə nəzərdə tutulmuş 99,5 kilometr su xəttinin 71 kilometri, 88,7 kilometr kanalizasiya şəbəkəsinin 69,7 kilometri çəkilib. Hazırda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhəri və ətraf iki kəndin 25 mindən artıq sakininin su təchizatının yaxşılaşdırılmasına hesablanıb

Bütün xəbərlər Facebook səhifəmizdə