Mağazada endirim yalan çıxdı

Bakıda istehlakçıların aldadılması halının qarşısı alınıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 24 ünvanında fiziki şəxs Mustafayev Rasim Ənvər oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Belə ki, mağazanın vitrin pəncərələrində "25-50%-ə qədər endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş Rasim Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə