Əmlak Məsələləri Dövlət Komitəsi (ƏSMDK) Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara şəffaf, çevik və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarına əsasən elektron xidmətlərin təşkili və istifadəyə verilməsi üzrə tədbirləri davam etdirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, komitənin elektron xidmətlər portalında istifadədə olan elektron xidmətlərin sayının bu il 15-ə yaxın artırılması nəzərdə tutulur.
Aprel ayında artıq 7 yeni elektron xidmət təsdiq olunub. Belə ki, bu barədə Nazirlər Kabinetinin 16 aprel 2014-cü il tarixli 105 nömrəli qərarı ilə "Elektron xidmət növlərinin siyahısı"na dəyişiklik edilib və bu siyahıya həmin 7 yeni elektron xidmət əlavə olunub. Yeni elektron xidmətlər dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Bu xidmətlərin tətbiqindən sonra dövlət əmlakının icarə əsasında istifadəçisi icarə haqqı borcunu yeni elektron xidmət vasitəsilə öyrənə biləcək.
Həmçinin, vətəndaşlar və əmlak sahibləri daşınmaz əmlakla bağlı servitut, uzufruktun qeydiyyatı və ləğvi, məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi əməliyyatlarını elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, digər yeni elektron xidmətin tətbiqi nəticəsində daşınmaz əmlak barədə hər hansı məlumatı daşınmaz əmlakın dövlət reyestrindən əldə etmək elektron şəkildə mümkün olacaq (daşınmaz əmlaka dair hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla).
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının təmin olunması məqsədilə Komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. İlk mərhələdə məhdud olan elektron xidmətlərin sayı ötən il artırılıb və www.e-emdk.gov.az elektron xidmətlər portalı istifadəyə verilib. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir.
Hazırda portalda 14-ü interaktiv, 4-ü informativ olmaqla 18 e-xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir. Bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, ipotekanın və lizinqin qeydiyyatı və ləğvi, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi xidmətlər daxildir. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə on-layn müraciət edə bilirlər. İlin sonunadək daha 15 elektron xidmətin artırılması ilə portaldakı xidmətlərin sayı 31-ə çatdırılacaq. Beləliklə, ilin sonunda komitənin fəaliyyət istiqamətləri üzrə 31 elektron xidmət əhalinin
istifadəsində olacaq. İl ərzində istifadəyə veriləcək digər yeni elektron xidmətlərə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.
Ümumilikdə, elektron xidmətlər istifadəyə veriləndən indiyədək qanunvericiliyə uyğun olaraq elektron imzalar almış hüquqi və fiziki şəxslər tərəfindən 22 mindən çox elektron müraciət daxil olub.
Komitənin həyata keçirdiyi bu yeniliklər vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, xidmətlərdə şəffaflıq və keyfiyyətin artırılması, sosial məmnunluğunun yüksəldilməsi məqsədini daşıyır. Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda və çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır. Bu xidmətlər keyfiyyətli və etibarlıdır, müraciətlərdəki məsələlərin həll edilməsi üçün optimal vasitədir. Eyni zamanda, komitənin elektron xidmətlər portalı xidmətlərlə bağlı vətəndaşların geniş məlumatlanmasını və maariflənməsini təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB