DİF-in hesabatında Azərbaycanın reytinqi yüksəlib RƏY

Aydın Hüseynov: “Bu, ölkəmizdə İKT-nin yüksək inkişaf etməsinə dəlalət edir”
DİF-in hesabatında Azərbaycanın reytinqi yüksəlib RƏY

Dünya İqtisadi Forumu (DİF) "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatın açıqlayıb. Sənəd dünya ölkələrinin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirir. Azərbaycan hesabatda "Şəbəkələşmə hazırlığı indeksi" reytinqinə görə, mövqeyini ötən illə müqayisədə 7 pillə yaxşılaşırıb və 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib. Azərbaycan bu istiqamətdə "Mobil telefon şəbəkəsinin əhatəsi" göstəricisinə reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir. Sözügedən hesabatı SİA-ya şərh edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun sözlərinə görə, DİF-in hesabatında ölkəmizin reytinqinin yüksəlməsi Azərbaycanda İKT-nin yüksək inkişaf etməsinə dəlalət edir.

"Son illərdə internetin həm sürətində, həm də istifadəçilərin sayinda artım müşayiət edilməkdədir", - deyə qeyd edən YAP rəsmisinin sözlərinə görə, son bir ildə ümumdünya internet şəbəkəsinə 250 milyondan çox insan qoşulub: "Eyni zamanda, əksər ölkələrdə genişzolaqlı internet şəbəkəsinin genişlənməsi, mobil rabitə şirkətlərinin rəqabətinin dərinləşməsi internet bazarında qiymətlərin ucuzlaşmasına səbəb olub. Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə, ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur. Eyni zamanda, respublikamız innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pillədə qərarlaşıb".

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini onu da əlavə edib ki, hazırda İKT-nin inkişafı ilə bağlı məqsədli dövlət proqramları həyata keçirilir: "Əsas strategiya ölkəmizdə yüksəksürətli genişzolaqlı internet xidmətlərinə çıxışının təmin olunmasının başa çatdırılması, kommunikasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, "Elektron hökumət"lə bağlı islahatların miqyasının genişləndirilməsi və yeni qabaqcıl texnologiyaların tətbiqi, internet xidmətlərinin qiymətlərinin aşağı salınması, yeni innovativ layihələrin həyata keçirilməsindən ibarətdir. Bu tədbirlərin uğurla reallaşması Azərbaycanın İKT ilə bağlı beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə