ARDNŞ Azərbaycanda mavi yanacaq doldurma məntəqələri açacaq

ARDNŞ Azərbaycanda mavi yanacaq doldurma məntəqələri açacaq

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda mavi yanacaq doldurma məntəqələri açmaq niyyətindədir". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında ARDNŞ-nin iqdisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, ARDNŞ məsələ ilə əlaqədar olaraq, "Azəriqaz" Səhmdar Cəmiyyəti və "Məişət Maye-Qaz" Qapalı Səhmdar Cəmiyyəti ilə birgə müəssisən təsis edib: "Bu müəssisə artıq formalaşmaq üzrədir. Hər iki səhmdar cəmiyyət bu məsələ barədə hələki hazırlıq işləri aparır. Maye qazın yanacaq doldurma məntəqələrinin fəaliyyəti barədə təcrübə artıq Gürcüstanda reallaşıb. Müəyyən edilib ki, bu istehlakçılar tərəfindən də iqtisadi cəhətdən çox səmərəlidir. Böyük şəhərlərdə artıq benzin yox, mavi yanacaqdan istifadə etmək ictimai nəqliyyat üçün də səmərəli olacaq. Əhalinin daşınmasında ucuz yanacaqdan istifadə olunsa, bu insanlar və şirkətlər üçün də iqtisadi cəhətdən sərfəli olar".

Qurum rəsmisi bildirib ki, mavi yanacaq doldurma məntəqələrinin benzin doldurma məntəqələrinin tərkibində yerləşdiriləcəyi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur: "Burada təhlükəsizlik məsələsi tam həll olunsa, məntəqələr birləşdiriləcək. Əks təqdirdə mavi yanacaq doldurma məntəqələrinin fəaliyyəti fərdi şəkildə təmin olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə