Vüqar Bayramov: "Aqroparklar daxili bazarda aqrar məhsullara olan tələbatı ödəyəcək"
"Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi hökumət tərəfindən qarşıya qoyulan hədəfdir. Bu baxımdan ölkədə aqroparkların yaradılması Azərbaycanda ərzaq təhlükəsizliyinin, o cümlədən kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsində yerli istehsalın payının artırılması üçün vacib məsələdir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə daha innovativ metodlardan istifadə etməklə aqrar məhsul istehsalının, xüsusilə də emalının həyata keçirilməsidir: "Bu mərkəzlərin yaradılması artıq aqrar məhsulların istehsalı ilə bağlı daha innovativ layihələrin həyata keçirilməsini təmin edəcək. Nəticədə fermer təsərrüfatları bazara daha çox emal edilmiş məhsul çıxaracaq. Bu da Azərbaycanda fermer təsərrüfatlarının daxili bazarda aqrar məhsullara olan tələbatın ödəməsinə, daha sonra isə xarici bazara çıxışının genişləndirilməsinə imkan yaradacaq. Dünya praktikasında aqroparlar iki – qarışıq və ixtisaslaşmış formalarda həyata keçirilir. İxtisaslaşmış aqroparklar bir məhsul üzrə ixtisaslaşır və həmin məhsulların emalı nəticəsində digər məhsullar istehsal olunur. Qarışıq aqroparklar isə bir neçə məhsul üzrə ixtisaslaşır. Onlar müxtəlif məhsulların istehsalını, daha sonra isə həmin məhsulların emalı nəticəsində əldə olunan digər məhsulların satışını həyata keçirir. Bu da bazara daha çox məhsulun çıxarılmasını imkan verir. Bu baxımdan Azərbaycanda aqroparkların yaradılması zamanı bölgələr seçilərkən həm ixtisaslaşmış, həm də qarışıq məhsul istehsalı nəzərə alınmalıdır. Çünki elə bölgələrimiz var ki, burada ərazi bir məhsul üzrə ixtisaslaşıb. Deməli burada ixtisaslaşmış aqropark yaradılmalıdır. Lakin elə bölgələrimiz də var ki, burada ərazi bir neçə məhsul üzrə ixtisaslaşıb və bu bölgədə qarışıq aqroparkların yaradılması daha məqsədəuyğun hesab edilir".
Ekspert bildirib ki, aqroparklar eyni zamanda marketinqə malik, istehsal edilmiş məhsulların bazarı olacaq: "Bu baxımdan aqroparkların yaradılmasına təhsil müəssisələrinin cəlb edilməsi vacibdir. Əhəmiyyətli məqamlardan biri də, aqroparkların innovativ məhsul istehsalını həyata keçirən qurum olması və burada ixtisaslı kadrlara ehtiyacın yaranmasıdır. Hazırkı vəziyyətdə aqroparkların Gəncə və Lənkəran şəhərlərində yaradılması daha məqsədə uyğun hesab edilir. Çünki hazırda yalnız bu ərazilərdə aqroparkların yaradılması imkanları var. Gəncə və Lənkəran Dövlət Universitetlərində aqrar sahə üzrə kadrların hazırlanması da burada aqroparkların yaradılması üçün əsas səbəblərdən biridir".
Aqroparkların yaradılmasının ölkənin kənd təsərrüfatına müsbət təsir göstərəcək layihə olacağını deyən Vüqar Bayramlı qeyd edib ki, bu mərkəzlər ölkənin həm yerli, həm də daha keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsini həyata keçirəcək: "Aqroparklar eyni zamanda fermerlərin maliyyə imkanların genişlənməsinə imkan yaradacaq. Bu mərkəzlərin yaradılması aqrar sektorda həyata keçiriləcək islahatların əsas elementlərindən biri olmalıdır. Dövlət başçısı tərəfindən bu məsələdə də siyasi iradənin nümayiş etdirilməsi yaxın gələcəkdə aqroparkların səmərəli və daha uğurlu formalaşdırılmasına imkan yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB