Ekspert: "Guya baytarlar bütün gecəni ətlərin üzərində yoxlamalar aparır?"
"Bakı şəhərində dünyanın heç bir şəhərində olmayan qədər sallaqxana fəaliyyət göstərir. Paytaxtımızda qeyri-qanuni şəkildə mal-qara kəsiminin səbəbi isə əhalinin ətə olan tələbatıdır". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, əhalinin ətə olan tələbatının qarşılığında, qəssablar antisanitar və qeyri-qanuni şəkildə kəsilmiş əti təklif edir: "Bunun da qarşısını almaq mümkün deyil. Əhalinin küçədə, antisanitar şəkildə kəsilmiş qoyun, dana və ya inək ətini almasının səbəbi isə baytarlıq qurumlarına inamın olmamasıdır. İnsanlar səhər saatlarında bazarda olarkən üzərində baytarlıq qurumlarının ştamplarının əks olunduğu minlərlə mal-qara əti ilə rastlaşır. Guya ki, baytarlar bütün gecəni bu ətlərin üzərində yoxlamalar aparıb. Əhali də bu kimi yoxlamaların gerçək olmadığını bilir. Super marketlərin vitrinlərində yer tutan at, eşşək ətinin üzərində baytarlıq idarələrinin ştamplarını görən əhalinin təbii olaraq baytarlara inamı itir və kəsiminə şahid olduğu, qeyri-qanuni olaraq yol kənarlarında satılan mal-qaranın ətini almağa üstünlük verir. Bu kimi yerlərdə kəsilən qoyun, dana və inək əti isə heç bir yoxlamadan keçmir. Lakin ilk öncə normal şəraitdə kəsilən diri mal-qaranın qanından, kəsiləndən sonra isə qaraciyərindən və ağciyərindən analiz götürülməli, bürselyoz xəstəliyinə qarşı yoxlamalar aparılmalıdır. Əks təqdirdə, insanlarda ən azı bürselyoz və qarayara xəstəlikləri yarana bilər".
Ekspert bildirib ki, Azərbaycanda sadalanan xəstəliklərin geniş yayılmamasının səbəbi milli mətbəximizə aid yeməklərin tam bişmiş halda süfrəyə təqdim olunmasıdır: "Dünyanın digər dövlətlərində olduğu kimi, ölkəmizdə də yeməklər yarı bişmiş vəziyyətdə yeyilsə, Azərbaycanda da bürselyoz və qarayara xəstəlikləri geniş miqyası əhatə edər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB