Əfqanıstan nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub

Əfqanıstan nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şahin Mustafayev Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, siyasi-iqtisadi əməkdaşlığın inkişafında dövlət başçılarının görüşlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Əfqanıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsində Azərbaycan-Əfqanıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu uğurla fəaliyyət göstərir. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Əfqanıstanın ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.

Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmani Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib. Nazir ölkəsinin dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığının daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Əfqanıstanlı nazir Azərbaycanın mühüm coğrafi mövqeyini, böyük tranzit potensialını, xüsusilə Baki-Tbilisi-Qars dəmir yolunun tikintisinin geniş tranzit imkanları yaratdığını vurğulayaraq, bu sahədə əməkdaşlığın inkişafının Əfqanıstan üçün əhəmiyyətini qeyd edib. Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, o cümlədən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Əfqanıstana ixracı, investisiya layihələrinə dair məlumat mübadiləsi, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və sərgilərin keçirilməsi, iki ölkə arasında Hökumətlərarası Komissiyanın yaradılması, Azərbaycanın böyük tranzit potensialından istifadə etməklə Əfqanıstana və bu ölkədən yükdaşımaların artırılması imkanları, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə