Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, qədim tarixə və mədəniyyətə malik iki dost ölkənin əməkdaşlıq üçün daha böyük perspektivlərə malik olduğu xatırlanıb.
Tərəflər Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 3-cü iclasından ötən dövr ərzində görülmüş işləri nəzərə almaqla qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Baş nazir Artur Rasizadə hökumətlərarası komissiyanın müzakirələri zamanı əsasən qeyri-neft sektorunda müştərək müəssisələrin yaradılmasına, habelə tikinti, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əczaçılıq, turizm və digər istiqamətlərdə birgə layihələrin icrasına diqqət yetirməyi tövsiyə edib.
Səmimi qəbula görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirən Peter Siyarto respublikamızın sürətli iqtisadi inkişafının şahidi olduğunu diqqətə çatdırıb. O, Macarıstanın bütün beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın yanında olduğunu, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB