Ödənişli televiziya abunəçilərinin sayı 1,1 milyardı ötəcək

Ödənişli televiziya abunəçilərinin sayı 1,1 milyardı ötəcək

"ABI Research" analitik şirkətinin proqnozuna görə, 2019-cu ilədək dünya bazarında ödənişli televiziya xidməti abunəçilərinin sayı 1,1 milyardı ötəcək, "IPTV"nin payı sürətlə artacaq. SİA-nın xəbərinə görə, şirkətin yeni hesabatına əsasən, 2013-cü ildə dünya ödənişli televiziya abunəçilərinin sayı 903,3 milyon nəfər, onlara göstərilən xidmətlərdən əldə olunan gəlir 249,8 milyard dollar təşkil edib.

"IPTV" operatorları 92 milyon abunəçi toplamaqla və xidmətlərdən 37,2 milyard dollar əldə etməklə ötən illə müqayisədə 18,5 faizlik artım nümayiş etdiriblər. "ABI Research"in vitse-prezidenti CeykSondersin sözlərinə görə, 2019-cu ilədək "IPTV"nin bazası 161 milyon nəfər olacaq və ödənişli televiziya bazarında bütün gəlirlərin 15 faizini təmin edəcək.

Kabel televiziyasının bütün ödənişli televiziya növləri arasında artım tempi çox zəifdir (ötən illə müqayisədə 3 faiz, 2013-cü ilin sonuna 570,2 milyon abunəçi). Qərbi Avropa və ABŞ-da ötən il ərzində kabel televiziyasının abunəçi bazasında hətta azalma (müvafiq olaraq 1 və 1,5 faiz) qeydə alınıb, əsas artımı isə ümumilikdə Asiya-Sakit okean regionu və Cənubi Amerika abunəçiləri təmin edib. "ABI Research"in proqnozuna görə, 2019-cu ilədək bu seqment 634,5 milyon abunəçiyə malik olacaq.

2013-cü ilin sonuna dünyada ödənişli efir televiziyasının xidmətlərindən9,5 milyon nəfər istifadə edib. Qərbi Avropada bu bazar azalsa (2013-cü ildə 5 faiz) da, Afrikada sürətlə artır (45 faiz – 2,1 milyon abunəçi). Analitiklər qeyd edirlər ki, regionda rəqəmli efir televiziyası tədricən peyk televiziyasına alternativə çevrilir. "ABI Research"in proqnozlarına görə, 2019-cu ilədək ödənişli televiziya bazarının gəlirləri 320,3 milyard dollar təşkil edəcək, abunəçi bazası 1,1 milyard nəfərədək artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə