“2014-cü ildə qeyri- neft sektorunun ÜDM-dəki payı 62 faizə yüksələcək” AÇIQLAMA
"2013-cü ilin iqtisadi yekunlarını qiymətləndirsək, ötən il Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsulda (ÜDM) əldə olunan artım tempi ilə yadda qalıb". Bu sözləri iqtisadi ekspert Vüqar Bayramov ötən il əldə olunan iqtisadi uğurların 2014-cü ildə iqtisadi cəhətdən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindəki rolundan danışarkən deyib. O bildirib ki, ötən il ÜDM-də 6 faiz artım olub ki, bu da bütövlükdə ÜDM -dəki orta artım tempinin qorunub saxlanmasına imkan verib.
V. Bayramovun sözlərinə görə, "Azərbaycan- 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında əsas məqsəd ölkəmizdə ÜDM-in həcminin 2 dəfə artırılmasıdır: "Həm rəsmi, həm də müstəqil qiymətləndirmə onu göstərir ki, əgər Azərbaycan hər il ÜDM-dəki 6 faizlik artım tempini qoruyub saxlasa, o zaman konsepsiyada nəzərdə tutulan ÜDM-in 2 dəfə artırılması ilə bağlı hədəfə nail ola bilər".
İqtisadçı ekspertin fikrincə, 2014-cü ildə ölkə iqtisadiyyatında qeyri- neft sektoru üzrə şaxələnmə, eyni zamanda sanəyeləşmə dövrü başlayacaq: "Ötən ilin sonlarında İqtisadi İnkişaf Nazirliyinin adı dəyişərək İqtisadiyyat və Sənaye Nazirliyi adlandırıldı. Bununla da ölkəmizdə sənayeləşmə dövrünün başlanması elan olundu. Rəsmi proqnozlara əsasən bu il qeyri- neft sektorunun ÜDM-dəki payı 62 faiz, büdcə daxil olmalarındakı payı isə 35 faizə yüksələcək, eyni zamanda Dövlət Neft Fondundan büdcəyə olunan transferini azaltmaq mümkün olacaq. Belə ki, 2014-cü ildə Dövlət Neft Fondunun büdcəyə transferlərinin həcmi 17.7 faiz aşağı düşəcək".
V. Bayramlı həmçinin bildirib ki, 2014-cü il "Sənaye ili" elan edildiyi üçün bu il İqtisadiyyat və Sənaye Nazirliyi üçün kifayət qədər əhəmiyyətli il olacaq: "Onların üzərinə düşən vəzifə və tapşırıqlar kifayət qədər ciddidir. Lakin bu il yalnız qeyri- neft sektorunun payının və imkanının artırılması ilə kifayətlənməyəcək, eyni zamanda regionların iqtisadi inkişafı, rəqabət qabiliyyətinin artırılması, yerli məhsul istehsalının genişləndirilməsi kimi ciddi hədəfləri əhatə edəcək. Belə ki, ötən il əldə olunan uğurlar bu il nəzərdə tutulan hədəflərə çatmaq üçün əsas baza yaradıb. Bu da sənaye ilində qarşıya qoyulan istiqamətlərə nail olmaq üçün geniş imkan yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB