Azərbaycanda elektron ödənişlərin həcmi 10% artaraq ÜDM-in 2 mislini ötüb

"Azərbaycanda 2013-cü ilin ötən dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilib, elektron ödənişlərin həcmi 10% artaraq ÜDM-in 2 mislini ötüb". SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunub.

Bildirilib ki, büdcəyə ödənişlərin real vaxt rejimində elektron əsasda aparılması üçün Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin bazasında yaradılan "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunmuş dövlət qurumlarının sayı əhəmiyyətli artıb: "Kommunal xidmət haqları ilə yanaşı dövlət ödənişlərinin də 1200-ə yaxın ödəniş məntəqələrində həm nağd, həm də internet və bankomatlar vasitəsilə nağdsız həyata keçirilməsi imkanı yaradılıb. 2013-cü ilin ötən dövründə kart infrastrukturunun inkişafı sürətlənib, ödəniş kartlarının sayı 5.5 mln. ədədə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayında 9%, bankomatların sayında 8%, POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmində isə 1.8 dəfə artım olub".

Bəyanata əsasən, ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi üçün cari ildə aidiyyatı dövlət qurumları ilə birgə təkliflər paketi hazırlanıb: "Bu təkliflər nağdsız ödənişlər üçün stimulların artırılmasına yönəlib. Nağdsız ödənişlərin həcminin genişlənməsi bank sektorunun resurs bazasının və iqtisadiyyata kredit təklifinin artmasında, kredit resurslarının dəyərinin azalmasında və qeyri-neft sektorunda investisiya fəallığının güclənməsində strateji amillərdən biridir. Cari ildə həmçinin nağd pulun səmərəli idarə edilməsi üçün Mərkəzi Bank tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin ("Cash Center") yaradılması layihəsinin icrasını davam edib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...