Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin təsnifatı açıqlanıb

Azərbaycan Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin təsnifatı açıqlanıb. SİA xəbər verir ki, Fondun gəlirlərinin tərkibində 11 221 286,4 min manatı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Dövlət Neft Şirkətinin sərmayəçi, payçı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) təşkil edir. Bundan əlavə, 1 661,6 min manat karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər, 6 276,0 min manat neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, 379 580,7 min manat Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 18 038,7 min manat neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar və 100 min manat digər gəlirlər və daxilolmaların payına düşür.

Xərclərə isə dövlət büdcəsinə transfertin həcmi 9 337 000,0 min manat, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 300 000,0 min manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 80 221,3 min manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 132 311,0 min manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 33 680,0 min manat, Azərbaycanda bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsinə 100 000,0 min manat, Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 285 000,0 min manat, Türkiyədə "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 223 582,5 min manat, TANAP layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 800 000,0 min manat və Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 58 140,0 min manatın ayrılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə