Elçin Mirzəbəyli: “ “Şahdəniz 2” ilə regionda sülh və sabitlik qorunub saxlanıla bilər” MÜNASİBƏT

"Şahəniz 2" layihəsi ölkəmiz üçün böyük iqtisadi əhəmiyyətə malikdir. Bu layihə təkcə Azərbaycan üçün deyil, həm regionun inkişafı, həm də layihədə iştirak edən bütün tərəflər üçün böyük önəm daşıyır". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Şahdəniz " layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanmasının ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, layihə Azərbaycanın həm regiona, həm də Avropanın enerji təhlükəsizliyinə verdiyi bir töhfədir: " "Şahdəniz 2" layihəsi Azərbaycan tərəfindən həyata keçirilən mühüm bir hadisədir. Heç təsadüfi deyil ki, bu layihəni "Əsrin Müqaviləsi 2" kimi qymətləndirirlər. Sözügedən layihə dünya tarixində ən böyük yatırım, investisiya qoyulan bir layihə hesab olunur. Bu baxımdan da bu layihənin məhz Azərbaycanda reallaşdırılması, ölkə vətəndaşlarımız üçün də quruvericidir".

E. Mirzəbəyli həmçinin bildirib ki, "Şahdəniz 2"layihəsi ölkəmiz üçün kifayət qədər ciddi dividentlər gətirəcək: "Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan enerji layihələrinin əsas aparıcı qüvvəsi kimi regionun inkişafında maraqlıdır. Məhz bu layihə ilə regionda sülh və sabitlik, əmin-amanlıq qorunub saxlanıla bilər".

Qeyd edək ki, "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Razılaşmaya əsasən, müqavilə iştirakçıları "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%-dir. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır. Sözügedən dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə